2025-ci ildə Gürcüstanda pensiya və sosial yardım alanların sayı açıqlanıb
2025-ci ildə Gürcüstanda pensiya alanların sayı 888,5 min nəfər olub. Onların 70,4 faizi qadınlar, 29,6 faizi isə kişilərdir. Pensiya alanların 30,7 faizi Tbilisidə, 15,5 faizi İmeretidə, 10,3 faizi Kvemo Kartlidə, 10,2 faizi Sameqrelo–Zemo Svanetidə, 8,5 faizi Kaxetidə yaşayır, digər regionların payına isə ümumilikdə 24,8 faiz düşür.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika mərkəzi məlumat verib.
Qurumun məlumatında bildirilir ki, sosial paket alanların sayı 187,8 min nəfər təşkil edib. Onların 32,8 faizi qadınlar, 67,2 faizi kişilərdir. Sosial paketin təyin olunma əsaslarının 69,5 faizi əlillik statusu, 17,5 faizi müharibə iştirakçısı olması, 10,9 faizi ailə başçısını itirmə, 2,1 faizi isə digər səbəblərlə bağlıdır.
Eyni zamanda, sosial paket alan əlillik statuslu şəxslərin sayı 134,7 min nəfər olub. Sosial paket alanların 27,6 faizi Tbilisidə, 15,6 faizi İmeretidə, 12,6 faizi Acarıstanda, 9,3 faizi Sameqrelo–Zemo Svanetidə, qalan 34,9 faizi isə digər regionlarda yaşayır.
Hesabatda qeyd olunur ki, 2025-ci ildə məqsədli sosial yardım proqramının məlumat bazasında qeydiyyatdan keçmiş ailələrin sayı 397,1 min olub. Yaşayış minimumu üzrə müavinət alan ailələrin sayı 129,5 min təşkil edib. Sosial cəhətdən həssas statusu qorunmaqla ictimai məşğulluğun təşviqi üzrə dövlət proqramına cəlb edilən ailələrin sayı isə 54,8 min olub. Regionlar üzrə ən çox qeydiyyatdan keçmiş ailə Tbilisidədir – 79,6 min ailə, onlardan 33,5 mini sosial yardım alır.


