Nino Tsilosani müxalif mediaya: “Miflərin Detektoru” trol təşkilatıdır, məqsədləri heç kimə məlum deyil
Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani müxalif medianın sualını cavablandırarkən “Miflərin Detektoru” təşkilatını trol adlandırıb və bildirib ki, bu qurumun məqsədləri cəmiyyət üçün naməlumdur.
Tsilosaninin sözlərinə görə, müxalif medianın əsas məqsədi müəyyən şəxslərə və qurumlara “trol” damğası vurmaqdır.
“‘Miflərin Detektoru’, yəni bir trol tərəfindən guya trollar ifşa edilib? Yəni biz ‘Miflərin Detektoru’ adlı trola inanmalıyıq? Mən sizə deyirəm ki, ‘Miflərin Detektoru’ trol təşkilatıdır, bu qurumun məqsədləri heç kimə məlum deyil. Bu, sizin televiziyanın məqsədidir – kiməsə trol adı qoymaq. BBC-nin məqaləsi və sənədli filmi barədə həqiqəti dediyi üçün bir insana trol deyirsiniz, yəni yalan olduğunu söylədiyinə görə onu trol adlandırırsınız. Sizin üçün əsas olan isə tutuquşunun lələklərinin tökülməsi ilə bağlı gülünc bir detal idi”, – deyə Nino Tsilosani bildirib.
Onun fikrincə, müxalif media “trol” anlayışından siyasi alət kimi istifadə edir və fərqli mövqe ifadə edən şəxsləri bu yolla gözdən salmağa çalışır.


