Qardabanidə baş verən qarşıdurma ilə bağlı iki nəfər saxlanılıb, üç şəxs ifşa edilib - VİDEO
Kvemo Kartli polisi Qardabanidə baş verən qarşıdurma faktı ilə bağlı iki nəfəri hadisədən dərhal sonra saxlayıb, daha üç şəxsi isə ifşa edib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Kvemo Kartli Polis Departamentinin əməkdaşları qəsdən adam öldürməyə cəhd, başqasının mülkiyyətinin toxunulmazlığının zorakılıqla pozulması və iki və ya daha çox şəxsə qarşı qrup halında zorakılıq ittihamları ilə 2000-ci il təvəllüdlü E.M. və 1995-ci il təvəllüdlü M.M.-ni saxlayıblar. İstintaq çərçivəsində 1999-cu il təvəllüdlü S.A., 1971-ci il təvəllüdlü A.M. və 1996-cı il təvəllüdlü E.M. isə təqsirləndirilən şəxslər qismində ifşa edilib.
Araşdırma zamanı müəyyən olunub ki, Qardabani bələdiyyəsində yaşayan altı nəfər arasında yaranan mübahisə fiziki qarşıdurmaya çevrilib. Qarşıdurma zamanı iştirakçılardan biri soyuq silahla iki nəfərə xəsarət yetirib. Eyni zamanda, hadisədən sonra davada iştirak edən şəxslərdən biri ona məxsus avtomobili qəsdən iki nəfərin üzərinə sürüb. Nəticədə F.A. hadisə yerində həyatını itirib.
Təcili tibbi yardım əməkdaşları müxtəlif dərəcəli xəsarətlər alan dörd nəfəri xəstəxanaya yerləşdiriblər. Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən operativ-axtarış və istintaq tədbirləri nəticəsində iki nəfər “isti izlərlə” saxlanılıb, üç nəfər isə cinayətdə iştirakına görə ifşa edilib.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu, 160-cı və 126-cı maddələri ilə aparılır. Sözügedən maddələr 20 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


