Marneulidə tikinti zamanı təhlükəsizlik qaydalarının pozulması ölümlə nəticələndi
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları tikinti işləri zamanı təhlükəsizlik qaydalarının pozulması və bunun insan ölümünə səbəb olması faktı üzrə 1965-ci il təvəllüdlü T.Z.-ni saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Nazirliyin yaydığı məlumata görə, istintaqla müəyyən edilib ki, Marneuli bələdiyyəsində yol çəkilişi işləri aparılan zaman təqsirləndirilən şəxs ağır texnika ilə çalışıb. Bu zaman 1958-ci il təvəllüdlü R.M.-nin üzərinə metal boru düşüb. Alınan ağır xəsarətlər nəticəsində zərərçəkən hadisə yerində həyatını itirib.
Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində T.Z. hadisədən dərhal sonra isti izlərlə saxlanılıb və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsinin ikinci hissəsi ilə aparılır. Sözügedən maddə beş ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


