09 
Dek
2025
13:54
635

2026-cı ildən etibarən bu qadağan edilir – qaydaların pozulmasına görə cərimələr müəyyənləşir

2026-cı il yanvarın 1-dən Gürcüstanda birdəfəlik plastik qabların istehsalı, idxalı və satışa çıxarılması qadağan olunur. Qadağa ilə parallel olaraq, müvafiq pozuntulara görə maliyyə sanksiyaları da tətbiq ediləcək.

InterPress.ge xəbər verir ki, parlament bu dəyişiklikləri sürətləndirilmiş rejimdə müzakirə edir.

Layihəyə əsasən, “Qida ilə təmas üçün nəzərdə tutulmuş plastik materiallar və məmulatlar haqqında texniki reqlament”in tələblərinin pozulması 1 000 lari məbləğində cərimə və məhsulun müsadirə olunması ilə nəticələnəcək. Eyni pozuntu təkrar baş verdikdə, cərimə 2 000 lari olacaq və məhsul yenidən müsadirə ediləcək. Müsadirə edilən plastik məhsullar Dövlət Əmlakının Milli Agentliyinə təhvil veriləcək.

Hökumətin qərarına əsasən, 2026-cı il yanvarın 1-dən etibarən aşağıdakı plastik məhsulların istehsalı, idxalı və bazara çıxarılması tam qadağan edilir:
• Plastikdən hazırlanmış çəngəllər, bıçaqlar, qaşıqlar, çubuqlar;
• Birdəfəlik plastik boşqablar;
• Plastik içmə boruları (sorğucular);
• Genişləndirilmiş polistirol (EPS) materialdan hazırlanmış qida konteynerləri və onların qapaqları;
• Plastik stəkanlar və onların qapaqları.

Bundan başqa, ictimai iaşə müəssisələrinə hazır yeməyi istehlakçılara birdəfəlik plastik qida konteynerləri və stəkanlarla təqdim etmək və ya bu formada təklif etmək qadağan olunub.

Cərimələrlə bağlı dəyişikliklər “İnzibati Xətalar Məcəlləsi”nə daxil ediləcək və parlament bu dəyişiklikləri sürətləndirilmiş prosedurla müzakirə edir.

Bizimlə əlaqə saxlayın