Gürcüstan Polis Akademiyası ali təhsil müəssisəsi statusu alacaq
Gürcüstanda “Polis haqqında” qanuna edilən dəyişikliklərə əsasən, Polis Akademiyası ali polis təhsil müəssisəsi statusunu əldə edəcək. Qanun layihəsində qeyd olunur ki, bu addım polis peşəsinin populyarlaşdırılmasına, akademik polis kadrlarının hazırlanmasına, polis fəaliyyətinin səmərəliliyinin artırılmasına, cəmiyyətə yönəlik polis modelinin gücləndirilməsinə və vahid polis idarəçiliyi yanaşmasının formalaşdırılmasına xidmət edəcək.
Sənədə əsasən, Polis Akademiyası hüquqi və peşə kompetensiyalarına malik polis kadrlarının hazırlanması məqsədilə ali akademik polis təhsil proqramlarını həyata keçirəcək.
Layihəyə görə, ali polis təhsil proqramına qəbul olunmaq üçün namizədin polis orqanlarında xidmətə qəbul üçün qanunla müəyyən edilmiş tələblərə cavab verməsi, müvafiq yoxlamadan keçməsi və vahid milli imtahanları uğurla verməsi tələb olunacaq.
Qanun layihəsinə əsasən, ali təhsil proqramına fiziki hazırlıq, taktiki hazırlıq, atəş hazırlığı, eləcə də ictimai təhlükəsizlik və polis fəaliyyəti üzrə xüsusi məcburi fənlər daxil olacaq. Bu məqsədlə Polis Akademiyası tələbələrin dövlət sirrinə çıxışını qanunvericiliyə uyğun qaydada təmin edəcək.
Akademiyanın ali təhsil proqramına qəbul olunan tələbələrə dərhal “çavuş” (riqiti) rütbəsi, proqramı bitirən məzunlara isə leytenant xüsusi rütbəsi veriləcək.
Layihəyə görə, Polis Akademiyasında təhsil müddəti tələbənin xidmət stajına daxil ediləcək.
Hökumətin açıqlamasına əsasən, Polis Akademiyasına tələbə qəbulu 2027-ci ilin sentyabrında planlaşdırılır. İlk mərhələdə 44 tələbə qəbul ediləcək və onlar təhsil haqqı ödəməyəcəklər. Tələbələr tədris üçün lazım olan inventar, materiallar, qidalanma, xüsusi forma, maddi stimul vasitələri və məcburi dövlət sığortası ilə təmin ediləcəklər. Təhsil dövründə tələbələrin yataqxana ilə təmin olunması da mümkün olacaq.


