Növbədənkənar parlament seçkiləri ola bilərmi? - Kobaxidzedən açıqlama
"Ölkədə növbəti parlament seçkiləri Konstitusiyaya uyğun olaraq 2028-ci il 28 oktyabrda keçiriləcək."
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, müxalifətin növbədənkənar seçkilərlə bağlı çağırışları siyasi reallıqdan uzaqdır.
Baş nazirin sözlərinə görə, müxalifət belə seçkilərin keçirilməsində maraqlı deyil:
“Əgər sabah növbədənkənar seçkilər keçirilərsə, ‘Gürcü Arzusu’ çox asanlıqla konstitusion çoxluq əldə edər. Yerli seçkilərdə də gördünüz – bizim dəstəyimiz daha da artıb. Bu səbəbdən növbədənkənar seçkilər barədə danışmaq boş farsdır. Onlara sərf etmir, əksinə, üç il gözləmək daha çox işlərinə yarayır ki, özlərini bir daha biabır etməsinlər.”
Kobaxidze Konstitusiya Məhkəməsinə təqdim olunmuş şikayətlə bağlı suala cavab verərək bildirib ki, ölkənin siyasi sistemi illərlə davam edən “qapalı dairədən” çıxmalıdır:
“2012-ci ildən bəri bizə məcburi koabitasiya və süni şəkildə yaradılan siyasi proseslər sırıdıldı. Dövlət və siyasi sistem bu qapalı dairədən çıxmalıdır. Radikal, marginallaşmış və xarici təsirlərlə hərəkət edən qruplar siyasi sistemdən uzaqlaşdırıldıqda, cəmiyyətin içindən sağlam siyasi qüvvələr təbii şəkildə doğulacaq. Cəmiyyət bu tələbi ortaya qoyur və buna hazırdır. 35 ildə böyük təcrübə toplanıb və bu gün cəmiyyət öz daxilindən sağlam, məsuliyyətli siyasi subyektləri yaratmaq gücünə malikdir. Sadəcə, bu vaxta qədər buna imkan verilmirdi.”
Baş nazir vurğulayıb ki, Konstitusiyanın tələbinə uyğun olaraq, parlament seçkiləri məhz 2028-ci il 28 oktyabrda keçiriləcək və bu tarixdə heç bir dəyişiklik olmayacaq.


