16 
Nybr
2025
11:05
273

İrakli Kobaxidze: “Eagle Hills” Krtsanisi və Goniya ərazilərində 6,6 milyard dollarlıq tikinti layihəsinə bir neçə aya başlayacaq

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, BƏƏ-nin dünyanın ən böyük developer şirkətlərindən biri olan “Eagle Hills” Krtsanisi və Gonio ərazilərində tikinti işlərinə bir neçə ay ərzində start verəcək.

Baş nazirin sözlərinə görə, bu, Gürcüstan tarixində ən böyük – 6,6 milyard ABŞ dolları dəyərində investisiya layihəsidir və ölkə iqtisadiyyatına tamamilə yeni inkişaf impulsu verəcək.

Onun məlumatına görə, layihə Gürcüstan vətəndaşlarının rifahına birbaşa təsir göstərəcək.

“Layihə çərçivəsində 16 minə yaxın fərdi ev və mənzilin, 1400-dən çox hotel otağı və apartamentin, həmçinin ofis, ticarət, əyləncə, idman və digər kommersiya sahələrinin tikintisi nəzərdə tutulur. Bu layihə həm tikinti mərhələsində 24 mindən çox, tikinti tamamlandıqdan sonra isə 8 mindən çox daimi iş yeri yaradacaq. Şirkətin siyasətinə əsasən, işlərin böyük hissəsini məhz yerli tikinti şirkətləri həyata keçirəcək ki, bu da biznes sektorunun inkişafına əhəmiyyətli dəstək verəcək,” – deyə Kobaxidze bildirib.

Baş nazir əlavə edib ki, layihənin Gürcüstan iqtisadiyyatına yalnız birbaşa təsiri 11 milyard lari təşkil edəcək. Tikintinin başlanmasından etibarən, dövlət büdcəsinə vergi formasında hər il azı 500 milyon lari daxil olacaq. Həmçinin dövlət layihənin gəlirinin 33 faizini əldə edəcək ki, bu da 10 il ərzində büdcəyə əlavə ən azı 2 milyard lari qazandıracaq.

Onun sözlərinə görə, layihə həm də turizmin inkişafına güclü təkan verəcək və Acaranın 4 mövsümlük turizm istiqamətinə çevrilməsinə xidmət edəcək.

Kobaxidze bəyan edib ki, layihəyə qarşı irəli sürülən iddiaların əsasını “tamamilə yalan” təşkil edir və heç bir gürcü torpağı xarici şirkətlərə verilmir.

“Kampaniya iştirakçıları deyirlər ki, guya hökumət gürcü torpağını əcnəbilərə satır. Xatırladıram ki, məhz ‘Gürcü Arzusu’ Konstitusiya dəyişikliyi ilə kənd təsərrüfatı təyinatlı torpaqların əcnəbilərə satışını qadağan edib. Krtsanisi və Gonioda ayrılmış 850 hektar torpaq yalnız developer məqsədləri üçün istifadə olunacaq və dövlət həmin torpaqların birgə sahibi olaraq qalacaq. Yəni, heç bir gürcü torpağı heç kimə verilmir,” – deyə Kobaxidze qeyd edib.

Baş nazir bildirib ki, açıq şəkildə yayılan “1 milyon kv. metr” iddiaları da yalandır — əslində, layihə çərçivəsində 2,4 milyon kv. metr tikinti nəzərdə tutulur:

“Krtsanisi və Gonioda inşa olunacaq yaşayış sahələri ən yüksək standartlara uyğun olacaq və mənzillər tam təmirli şəkildə təhvil veriləcək. Yaşayış sahələri layihənin yalnız yarısını təşkil edir, digər yarısı kommersiya obyektləridir ki, onların bir kvadratmetrlik tikinti dəyəri daha yüksəkdir. Goniya yat limanına, böyük ticarət və rekreasiya zonalarının yaradılmasına iri investisiya yönəldiləcək. Krtsanisi meşə-parkına isə yeni yaşıl məkanlar əlavə olunacaq.”

Kobaxidze vurğulayıb ki, bu layihə standart tikinti layihəsi deyil, ölkəyə ən yüksək standartlı urbanistik infrastruktur gətirən analoqu olmayan bir modeldir.

“Sahəyə bələd olan hər kəs bilir ki, bu investisiya tamamilə real hesablamalara əsaslanır,” – baş nazir deyib.

Bizimlə əlaqə saxlayın