14 
Nybr
2025
14:14
301

Şalva Papuaşvili: “Saakaşvilinin xəstəxanada saxlanılması Gürcüstan xalqına nə qədər başa gəldi – bu məsələ araşdırılmalıdır”

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkənin üçüncü prezidenti Mixeil Saakaşvilinin “Vivamedi” klinikasından N12 penitentiar müəssisəsinə qaytarılması ilə bağlı açıqlama verib. O bildirib ki, Saakaşvilinin üç ildən artıq xəstəxanada saxlanılmasının səbəbi Brüsselin yaratdığı “isteriya və saxta narrativlər” olub və bu prosesin Gürcüstan büdcəsinə nə qədər ziyan vurduğu hesablanmalıdır.

Papuaşvilinin sözlərinə görə, Saakaşvilinin uzun müddət xəstəxanada qalmasına səbəb “Brüsseldən və bəzi səfirlərdən gələn təzyiqlər” idi.

“Üç ildən çox Saakaşvili penitensiar müəssisədə yox, xəstəxanada idi. Maraqlıdır — bu, nə qədər vəsaitə başa gəldi? Biz bilmək istəyirik, bu rəqəm nə qədərdir və sonra Brüsseldəki o bürokratlardan tələb etməliyik ki, bu xərcləri gürcü xalqına ödəsinlər. Çünki maraqlıdır — onların isteriyası və saxta narrativləri Gürcüstan xalqına nə qədər başa gəldi,” – deyə Papuaşvili bildirib.

O əlavə edib ki, Saakaşvilinin xəstəxanaya köçürülməsi “Brüsselin və bəzi səfirlərin yaratdığı isteriyanın nəticəsi” idi.

“Bir səfir digər səfirlərlə birlikdə Ədliyyə Nazirliyinə demarşla gəldi və Saakaşvilinin ölkədən çıxarılmasını, yəni faktiki olaraq azad edilməsini tələb etdi. QHT-lərin və o vaxtkı ombudsmenin saxta rəyləri vardı guya Saakaşvilinin demensiyası var. Zelenski və Sandu da onun guya işgəncəyə məruz qalması barədə yalan danışırdılar. Bu adamlar – guya Avrointeqrasiyanın alqışlanan liderləri – çıxıb yalan söylədilər. Nə Sandu, nə Zelenski, nə də Hersçinski bu yalanlarına görə üzr istədi. Bir neçə həftə sonra Strasburq Məhkəməsi dedi ki, Saakaşvilinin başqa yerə köçürülməsini tələb edən heç bir tibbi əsas olmayıb,” – deyə o vurğulayıb.

Papuaşvili qeyd edib ki, Saakaşvili ilə bağlı bütün proses “Brüsselin siyasi təzyiqinin tərkib hissəsi idi”, lakin artıq bu mərhələ başa çatıb:

“Bu cirkin sonu gəldi. O, indi penitensiar müəssisədədir və elə orada da olmalıdır. Onu yenidən xəstəxanaya köçürmək barədə heç kim cəsarət etməyəcək.”

Mövzuya toxunan parlament sədri əlavə edib ki, Saakaşvilinin Gürcüstana qayıdışı Ukraynanın o dövrkü hakimiyyətinin siyasi planı idi.

“Biz addım-addım bu hücumları dəf etdik. Hamı öz hərəkətinə görə cavab verməlidir – Saakaşvilini bura Ukraynanın hakimiyyəti gətirdi. Bu gün Zelenskiyə alqış çalanlar bilməlidirlər ki, məhz Zelenski onu Gürcüstana göndərdi ki, burada vəziyyət qarışsın. Bu, sizin Zelenskiyinizdir. Demensiya ilə bağlı yalanları kim uydururdu? Zelenski, Sandu, digər siyasətçilər və səfirlər. Onlar bu həyasız yalanı həm sizə, həm də Gürcüstana qarşı etdilər. Müharibənin ortasında buraya gəlib vəziyyəti qarışdırmaq istəyirdilər ki, Gürcüstan Rusiya ilə eskalasiyaya getsin və sonda müharibəyə sürüklənsin. Bu durumdan çıxmaq üçün çeviklik lazım idi – biz çıxdıq. İndi isə hər kəs öz saxta narrativi üçün cavab verməlidir,” – deyə Papuaşvili bildirib.

Xatırlatma: Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili “Vivamedi” klinikasından N12 penitensiar müəssisəsinə qaytarılıb. Penitensiar xidmət açıqlayıb ki, Saakaşvilinin səhhəti qənaətbəxşdir və artıq stasionar müalicəyə ehtiyacı yoxdur.

Bizimlə əlaqə saxlayın