"Svaneti klanı Marneulidə yaşayan Borçalı türklərindən heç bir şəxsin mer müavini postuna gətirilməsinə imkan vermir" - İmamquliyev
Siyasətçi Əhməd İmamquliyev sosial şəbəkədə Marneulidə mer və mer müavinlərinin müəyyən olunması ilə bağlı paylaşım edib.
InterPress.ge-nin məlumatına görə, o, “tək partiyalı seçkilərdən” sonra merlərin faktiki olaraq təyin olunduğunu və bu prosesdə klan maraqlarının üstünlük təşkil etdiyini iddia edir.
İmamquliyevin sözlərinə görə, "Svaneti klanı" tərəfindən Marneuliyə təyin olunan merin müavinlərinin seçilməsi ilə bağlı hələ də razılıq əldə olunmayıb. O iddia edir ki, əldə etdiyi məlumata əsasən, klan Marneulidə yaşayan Borçalı türklərindən heç bir şəxsin mer müavini postuna gətirilməsinə imkan vermir.
Siyasətçi qeyd edib ki, Marneulinin rəhbərliyini müxtəlif qrupların deyil, birbaşa əhalinin müəyyən etməsi vacibdir:
“Marneuliyə meri xalq seçməlidir, hər hansısa klanlar təyin etməməlidir!” — deyə o vurğulayıb.
Qeyd edək ki, bu yaxınlarda Dmanisi və Bolnisi bələdiyyələrinə azərbaycanlı mer müavinləri təyin edilib.


