06 
Nybr
2025
14:44
260

Baş Prokurorluq bir neçə müxalifət partiyasının liderinə qarşı cinayət təqibi başladıb

Gürcüstan Baş Prokurorluğu bir sıra müxalifət liderlərinə — Mixeil Saakaşvili, Qiorqi Vaşadze, Nika Qvaramiya, Nika Melia, Zurab Caparidze, Elene Xoştaria, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı cinayət təqibi başladıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Baş prokuror Qiorqi Qvarakidze qurumda keçirilən brifinqdə açıqlayıb.

Məlumata görə, iş dövlətə qarşı törədilmiş cinayətlərlə bağlıdır. İttihamlar sabotaj, xarici dövlətə düşmən fəaliyyətində yardım, konstitusiya quruluşuna və milli təhlükəsizlik prinsiplərinə qarşı yönəlmiş fəaliyyətin maliyyələşdirilməsi, eləcə də hakimiyyətin zorla dəyişdirilməsinə çağırış ittihamlarını əhatə edir.

Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən aparılan birgə istintaq nəticəsində müəyyən edilib ki, qeyd olunan şəxslər dövlətin konstitusiya quruluşuna qarşı fəaliyyət göstəriblər.

İstintaq materiallarına əsasən, Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Gürcüstan hakimiyyəti milli təhlükəsizlik maraqlarını nəzərə alaraq Rusiyaya qarşı iqtisadi sanksiya tətbiq etməmək və ölkədə sabitliyi qorumaq qərarını verib. Bu siyasətin əleyhinə çıxan bəzi müxalifət liderləri — Elene Xoştaria, Zurab Caparidze və Qiorqi Vaşadze xarici ölkələrin nümayəndələrinə Gürcüstanda neft məhsullarının idxalı və hərbi sahə ilə bağlı məlumatlar ötürərək, guya İran dronlarının Gürcüstan hava məkanı vasitəsilə Rusiyaya göndərildiyi barədə saxta məlumatlar yaydıqları iddia olunur.

İttihama görə, həmin şəxslər xarici dövlətlərə sənədlər, dövlət qulluqçularının siyahıları və digər materiallar təqdim etməklə sanksiyaların tətbiqinə nail olmağa çalışıblar. Nəticədə 300-ə yaxın gürcü vətəndaşı, o cümlədən məmurlar və biznes nümayəndələri sanksiyalara məruz qalıb.

İstintaq həmçinin bildirir ki, 2024-cü ilin oktyabrında keçirilən parlament seçkilərində müxalifətin məğlubiyyətindən sonra Zurab Caparidze, Qiorqi Vaşadze, Elene Xoştaria, Nika Qvaramiya, Nika Melia, Mamuka Xazaradze və Badri Caparidze küçə etirazlarını radikallaşdırmağa başlayıblar. Onlar açıq şəkildə inqilaba, hökumətin devrilməsinə, dövlət binalarının blokadasına və polisə qarşı zorakı qarşıdurmaya çağırışlar ediblər.

Prokurorluğun məlumatına görə, sabiq prezident Mixeil Saakaşvili də öz sosial şəbəkə hesabları və mediada yayılan videomüraciətləri vasitəsilə tərəfdarlarını hökumətə qarşı zorakı hərəkətlərə və dövlət binalarının ələ keçirilməsinə səsləyib.

Parlamentin qarşısında keçirilən aksiyalar qısa müddətdə qanunsuz xarakter alıb və polis qüvvələri ilə toqquşmalara çevrilib. Etirazçılar tərəfindən “Molotov kokteylləri” və yandırıcı maddələrdən istifadə olunub, nəticədə 158 polis əməkdaşı xəsarət alıb, parlament binasında yanğınlar baş verib və bir sıra dövlət əmlakı məhv edilib.

İstintaq zamanı müəyyən olunub ki, zorakı qrupların maliyyələşdirilməsində bəzi qeyri-hökumət təşkilatları və xüsusi olaraq yaradılmış “fondlar” iştirak edib. Onlar beynəlxalq donorlar tərəfindən maliyyələşdiriliblər.

Toplanmış sübutlar əsasında:

• Mixeil Saakaşviliyə qarşı Gürcüstan CM-nin 317-ci maddəsi (konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış),

• Zurab Caparidze və Qiorqi Vaşadzeyə qarşı 318-ci maddənin 1-ci hissəsi və 319-cu maddə (sabotaj və xarici dövlətə düşmən fəaliyyətində yardım),

• Elene Xoştariyaya qarşı 318-ci maddənin 1-ci hissəsi, 319-cu maddə və 321¹ maddə (sabotaj, maddi resursların ötürülməsi və xarici dövlətə yardım),

• Nika Qvaramiya, Nika Melia, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı isə 318-ci maddənin 1-ci hissəsi (sabotaj) üzrə ittiham irəli sürülüb.

Prokurorluq Mamuka Xazaradze və Badri Caparidze barəsində qətimkan tədbiri kimi girov tətbiq edilməsini, digər təqsirləndirilən şəxslərlə bağlı isə məhkəmənin ilkin baxış tarixi müəyyənləşdirməsini istəyəcək.

İstintaq davam edir və onun gedişi barədə ictimaiyyətə mərhələli şəkildə məlumat veriləcəyi bildirilib.

Bizimlə əlaqə saxlayın