24 
Okt
2025
12:59
391

Kaxa Kaladze Qaribaşvili haqda: “Belə bəyanatları keçmiş komanda yoldaşı haqqında eşitmək çox üzücüdür”

Tbilisi meri Kaxa Kaladze, Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşviliyə qarşı prokurorluq tərəfindən irəli sürülən ittihamı şərh edərək bildirib ki, bu xəbər onun üçün çox məyusedicidir.

InterPress.ge xəbər verir ki, bu barədə paytaxt meri jurnalistlərə açıqlamasında bildirib. 

Kaladzenin sözlərinə görə, o, Qaribaşvilini 2012-ci ildən tanıyır və uzun illər onunla birlikdə çalışıb:

“Çox təəssüf doğurandır ki, keçmiş komanda yoldaşımızla bağlı bu cür bəyanatları eşidirik. Mən İraklini çoxdan tanıyıram, 2012-ci ildən bir yoldayıq, o, bizim silahdaşımız idi. Bu xəbəri eşitmək mənim üçün çox üzücüdür. Qalan məsələlərdə istintaqın nəticəsini gözləmək lazımdır,” – deyə Kaladze bildirib.

Jurnalistlərin “keçmiş baş nazirin illər ərzində törətdiyi əməllər barədə məlumatı olubmu” sualına cavab verən Kaladze deyib ki, bu barədə ilk dəfə prokurorluğun brifinqindən öyrənib və bu vaxta qədər onunla bağlı heç bir şübhəsi olmayıb.

“İndiyədək sual doğuran heç nə olmamışdı. Baş nazirin istifadə etdiyi avtomobillər dövlət mülkiyyəti idi. Oğlunun ABŞ-a çarter reysi ilə getməsi ilə bağlı da o, özü izahat vermişdi və bu məsələ artıq maraqlı deyil. Gözləyək, istintaq necə aparılacaq, necə nəticələnəcək — nəticədən sonra qiymət vermək daha doğru və ədalətlidir,” – deyə Tbilisi meri əlavə edib.

Xatırladaq ki, İrakli Qaribaşviliyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin “g” bəndi ilə ittiham irəli sürülüb. Həmin maddə qanunsuz gəlirlərin leqallaşdırılmasını və xüsusilə böyük məbləğdə qazanc əldə olunmasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın