Tazo Datunaşvili: “Qaribaşvilinin saxlanılmaması sübut edir ki, bu prosesin korrupsiyaya qarşı mübarizə ilə heç bir əlaqəsi yoxdur”
"Keçmiş baş nazir İrakli Qaribaşvilinin saxlanılmaması Gürcüstanda aparılan “siyasi tamaşanın” mahiyyətini açıq şəkildə göstərir."
InterPress.ge xəbər verir ki, bu barədə “Lelo – Güclü Gürcüstan üçün” partiyasının liderlərindən biri Tazo Datunaşvili bildirib.
Onun sözlərinə görə, bu prosesin məqsədi korrupsiyaya qarşı mübarizə deyil, “Gürcü Arzusu” daxilindəki klanlararası qarşıdurmadır.
“İrakli Qaribaşvilinin saxlanılmaması bir daha təsdiqləyir ki, bu tamaşa xarakterli prosesin məqsədi korrupsiyaya qarşı mübarizə deyil. Korrupsiya ‘Gürcü Arzusu’nun idarəçilik sisteminin endemik, sistemli və orqanik hissəsidir. Biz sadəcə ‘Gürcü Arzusu’ daxilində bir klanın digər klan üzərində qələbə qazanmasının şahidi oluruq,” – deyə Datunaşvili bildirib.
O, həmçinin ehtimal edir ki, keçmiş baş nazir “müəyyən maliyyə və əmlak güzəştləri müqabilində siyasi immunitet alır”:
“Böyük ehtimalla, Qaribaşvili indi müəyyən məbləğlər və konkret əmlak müqabilində özünə ‘indulgensiya’ alır,” – deyə o əlavə edib.
Xatırladaq ki, oktyabrın 22-də Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayaraq bildirmişdi ki, qurumun Antikorrupsiya Agentliyində keçmiş baş nazir İrakli Qaribaşvili ifadə verib. Rəsmi məlumata görə, Qaribaşvili illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib və istintaqla tam əməkdaşlıq göstərib.
DTX-nin açıqlamasında qeyd olunub ki, istintaq yaxın günlərdə mövcud və yeni əldə olunmuş sübutlar əsasında Qaribaşvilinin əməllərinə hüquqi qiymət verilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edəcək.


