Kobaxidze Qaribaşvili ilə bağlı açıqlama verdi
"2024-cü il 8 fevral tarixindən etibarən hökumət tam şəffaflıq prinsipi ilə fəaliyyət göstərir və qəbul edilən bütün qərarlar dövlət büdcəsinə maksimum fayda gətirir."
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib.
Onun sözlərinə görə, bu dövrdən etibarən hökumətin iş üsulu dəyişib və qərarların qəbulunda açıq, hesabatlı yanaşma təmin olunub.
“Sevinməliyik ki, 2024-cü il 8 fevraldan hökumət şəffaf şəkildə fəaliyyət göstərir. Bildiyiniz kimi, konkret istiqamətlərdə praktikalar dəyişdirilib və nəticədə büdcə hökumətin hər bir qərarından maksimum səmərə əldə edir,” – deyə Kobaxidze qeyd edib.
Baş nazir jurnalistlərin sualına cavab olaraq bildirib ki, Bidzina İvanişvili də korrupsiyaya qarşı sərt və kompromissiz mövqe tutur. Onun sözlərinə görə, İvanişvili 2023-cü ilin dekabrında siyasətə qayıdarkən partiya qurultayında açıq şəkildə bəyan edib ki, korrupsiyaya qarşı mübarizə hökumətin əsas prioritetlərindən biri olacaq.
“Bidzina İvanişvilinin korrupsiyaya münasibəti həmişə kompromissiz olub. O, 2023-cü ilin dekabrında siyasətə qayıdarkən açıq şəkildə bildirdi ki, korrupsiyaya qarşı mübarizə ən vacib istiqamətlərdən biri olacaq. Keçən il çətin idi, o cümlədən seçki ili idi, xarici siyasi təzyiqlər də mövcud idi. Amma bu gün biz heç vaxt olmadığı qədər güclü və müstəqilik, bütün çağırışlara, o cümlədən korrupsiyaya qarşı effektiv cavab veririk. Xaricdən gələn süni cəhdlər artıq bizi zəiflədə bilmir. Bizim bütün resurslarımız var ki, korrupsiyanın qarşısını hər bir sahədə alaq,” – deyə Kobaxidze vurğulayıb.
Baş nazir bildirib ki, hər kəs istənilən hökumət qərarını, aktını, tenderi və ya özəlləşdirmə prosesini yoxlaya bilər və əgər orada korrupsiya əlaməti aşkarlanarsa, hökumət bütün suallara açıq şəkildə cavab verəcək. “Mən şəxsən məsuliyyət daşıyıram ki, ölkəmizdə korrupsiyanın tam aradan qaldırılması üçün maksimum səy göstəriləcək,” – deyə o əlavə edib.
Kobaxidze həmçinin keçmiş baş nazir İrakli Qaribaşvilinin Dövlət Təhlükəsizliyi Xidmətində ifadə verməsi ilə bağlı jurnalistlərin suallarına da münasibət bildirib. O, baş verənləri “insani baxımdan çox təəssüf doğuran” hadisə adlandırıb, lakin məsələni şərh etməkdən imtina edib:
“Bu, aidiyyəti qurumların səlahiyyətində olan məsələdir. Mən bu barədə əlavə açıqlama vermək istəmirəm. İnsan kimi çox təəssüf doğurur, lakin konkret suallarınız varsa, istintaq orqanlarına müraciət edin. Mən yalnız onu deyə bilərəm ki, hökumət fəaliyyətini tam şəffaf şəkildə həyata keçirir.”
Jurnalistlərin Qaribaşvilinin ABŞ-a övladı ilə birlikdə çarter reysi ilə getməsi barədə sualına cavab verən baş nazir bildirib ki, həmin məlumatlar media tərəfindən düzgün təqdim edilməmişdi:
“Media həmin vaxt bu məlumatı səhv yaymışdı. Siz heç vaxt tam haqlı olmursunuz. Söhbət konkret bir faktdan gedirdi və bu, İrakli Qaribaşvili tərəfindən də təkzib olunmayıb,” – deyə Kobaxidze cavab verib.
Xatırladaq ki, oktyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidməti açıqlama yayaraq bildirib ki, qurumun Antikorrupsiya Agentliyində keçmiş baş nazir İrakli Qaribaşvili ifadə verib. Rəsmi məlumata görə, Qaribaşvili illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib və istintaqla tam əməkdaşlıq göstərib.
DTX-nin məlumatında qeyd olunub ki, istintaq mövcud və əlavə sübutlar əsasında Qaribaşvilinin əməllərinə hüquqi qiymət verilməsi və barəsində qətimkan tədbirinin seçilməsi məsələsini yaxın günlərdə müzakirə edəcək.


