Kobaxidze: “Ölkəmizdə sülhü qorumaq üçün illər ərzində hər şeyi etdik”
Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, ölkə rəhbərliyi son illər ərzində Gürcüstanda sülhün qorunması üçün bütün səyləri göstərib. O, bu fikirləri “Tbilisi İpək Yolu Forumu” çərçivəsində keçirilən panel müzakirəsində səsləndirib.
Baş nazirin sözlərinə görə, Gürcüstan qonşu dövlətlər üçün etibarlı tərəfdaşdır:
“Bir daha sülhün əhəmiyyətini vurğulamaq istəyirəm. Son illər ərzində ölkəmizdə sülhü qorumaq üçün hər şeyi etmişik. Eyni zamanda, bütün bu illər ərzində regionda və daha geniş bölgədə sülhün möhkəmlənməsinə töhfə vermək üçün çalışırıq. Hesab edirik ki, biz qonşu ölkələr üçün etibarlı tərəfdaşıq. İqtisadi əlaqələr, tranzit və digər məsələlərdə Gürcüstan həmişə etibarlı tərəfdaş rolunu oynayıb”, – deyə Kobaxidze qeyd edib.
O, əlavə edib ki, Gürcüstan siyasi baxımdan həm Azərbaycan, həm də Ermənistanla strateji tərəfdaşlıq münasibətlərinə malikdir və bu əməkdaşlığın inkişafına böyük önəm verir:
“Biz həm Azərbaycan, həm də Ermənistanla strateji tərəfdaşıq və bu əməkdaşlığın daha da inkişafına yönəlmişik. Eyni zamanda, Mərkəzi Asiya bizim üçün xüsusi prioritet daşıyır. Bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Gürcüstan bütün ölkələr üçün maraqlı tərəfdaşdır, çünki biz dünyanın müxtəlif dövlətləri ilə çox yaxşı ticarət münasibətlərinə malikik. Avropa İttifaqı, EFTA ölkələri, MDB, Türkiyə, Çin və Birləşmiş Ərəb Əmirlikləri ilə azad ticarət sazişlərimiz var. Bütün bunlar əlaqələnmə potensialımızı daha da gücləndirir”.
Kobaxidze sonda qeyd edib ki, Gürcüstan əməkdaşlığa tam açıqdır və gələcəkdə də sülh, əməkdaşlıq və iqtisadi tərəfdaşlıq ruhu ilə fəaliyyət göstərəcək:
“Biz əməkdaşlığa tam açığıq. Siyasətimiz sülhün möhkəmləndirilməsinə, əməkdaşlığın və iqtisadi tərəfdaşlığın inkişafına yönəlib. Gələcəkdə də bu istiqamətdə eyni ruhla hərəkət edəcəyik və bütün dost ölkələrlə tərəfdaşlığa ümid edirik”.


