22 
Okt
2025
13:28
206

İrakli Kobaxidze: “Son on ildə Gürcüstan regionun əsas əlaqələndirici mərkəzinə çevrilib”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə keçirilən “İpək Yolu Forumu” çərçivəsindəki panel müzakirəsində çıxış edərək bildirib ki, son on il ərzində Gürcüstan ölkənin nəqliyyat və əlaqələndirici funksiyasının inkişafı baxımından böyük irəliləyişə nail olub.

Baş nazirin sözlərinə görə, Gürcüstanın məqsədi bu potensialı daha da gücləndirmək və həyata keçirilən infrastruktur layihələri vasitəsilə regionda əməkdaşlığı dərinləşdirməkdir:
“Biz tam şəkildə əməkdaşlığa yönəlmişik və sevinirik ki, bu gün Cənubi Qafqazın üç ölkəsinin baş nazirləri sülh ideyası ətrafında birləşiblər. Hamının da vurğuladığı kimi, sülh inkişafın əsas şərtidir və biz bu ruhda fəaliyyətimizi davam etdirməliyik. Videomaterialda ölkəmizin planları geniş şəkildə təqdim olundu, lakin əlavə olaraq qeyd etmək istəyirəm ki, bu planlar çox iddialıdır. Gürcüstan hökuməti avtomagistralların, dəmir yolu infrastrukturunun, limanların və hava limanlarının tikintisinə böyük sərmayələr yatırır. Bütün bu layihələr regiondakı əməkdaşlığı daha da möhkəmləndirəcək.”

Kobaxidze vurğulayıb ki, Gürcüstan regionda çox mühüm coğrafi rola malikdir:
“Biz azı yeddi dənizə çıxışı olmayan ölkəni Qara dəniz və dolayısı ilə Avropa ilə birləşdiririk. Bu istiqamətdə ölkəmizin potensialından maksimum istifadə etməyə çalışırıq. Mövcud vəziyyət kifayət qədər müsbətdir və bütün istiqamətlərdə fəal işləyirik. Statistik göstəricilər də sübut edir ki, son on ildə Gürcüstanın tranzit və əlaqələndirici funksiyasının inkişafında çox böyük irəliləyiş əldə olunub. Məsələn, 2023 və 2024-cü illər arasında Çindən konteyner daşımalarında 15 dəfə artım qeydə alınıb. Enerji əlaqəliliyi sahəsində də mühüm irəliləyiş var – son on ildə ölkəmiz vasitəsilə Xəzər dənizindən Qərbə 2,5 milyard barreldən çox neft və 127 milyard kubmetr təbii qaz nəql edilib. Bu rəqəmlər Gürcüstan iqtisadiyyatının və beynəlxalq iqtisadi əlaqələrinin möhkəmlənməsinə böyük töhfə verir.”

Baş nazir əlavə edib ki, Gürcüstanın enerji və rəqəmsal əlaqəlilik sahəsində də iddialı planları var:
“Enerji və rəqəmsal əlaqəlilik məsələsində də ambisiyalarımız böyükdür. Məqsədimiz ölkəmizi regionun rəqəmsal mərkəzinə çevirməkdir. Ən mühüm layihələrdən biri Qara dənizin altından keçəcək kabel layihəsidir ki, bu da tərəfdaş ölkələrlə birlikdə həyata keçirilir. Bütün bunlar Gürcüstanın tranzit potensialının daha da inkişafına xidmət edəcək. Biz Orta Dəhliz təşəbbüsünün inkişafına da fəal töhfə verməyə çalışırıq. Bu, Avropa ilə Asiya arasında sabit iqtisadi əlaqələrin qurulması baxımından mühüm əhəmiyyət daşıyır və Gürcüstan bu prosesdə fəal iştirak etməyə tam hazırdır,” – deyə İrakli Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın