Nikol Paşinyan: “Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub, indi bu əlaqələr institusional səviyyəyə yüksəlməlidir”
Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən “İpək Yolu Forumu”nun panel müzakirəsində çıxış edərək bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh artıq reallığa çevrilib və bu prosesin davamlı olması üçün əldə olunan razılaşmalar institusional səviyyədə möhkəmlənməlidir.
“Sülh bərqərar olub və bu, çox vacibdir. Cənab Əliyev də bu barədə danışdı. Əsas məsələ odur ki, əlaqəlilik və əməkdaşlıq institusional nailiyyətə çevrilsin. Mən hər çıxışımda vurğulayıram ki, qərarlar institusional səviyyəyə qədər yüksəlməlidir,” – deyə Paşinyan bildirib.
O, qeyd edib ki, nəqliyyat və iqtisadi əlaqələrin inkişafı bütün ölkələr üçün ümumi fayda yaradır:
“Bir il əvvəl təsəvvür etmək çətin idi ki, mən azərbaycanlı həmkarıma təşəkkür edəcəyəm. Gürcüstanın baş nazirinə biz həmişə minnətdarıq, amma indi Ermənistan və Azərbaycanın baş nazirlərinin bir-birinə təşəkkür etməsi artıq reallıqdır. Bu, regionda baş verən müsbət dəyişikliklərin göstəricisidir.”
Paşinyan vurğulayıb ki, regional əməkdaşlıq qarşılıqlı asılılıq və etimad üzərində qurulmalıdır:
“Bəli, bəzən siyasi cəhətdən xoş səslənməyə bilər, amma qarşılıqlı asılılıq vacibdir. Nəqliyyat əlaqələrinin inkişafı iqtisadi artım, büdcə gəlirlərinin və dövlət maliyyəsinin güclənməsi deməkdir. Ölkələr anlayırlar ki, bu, ümumi maraqlara xidmət edir. Əsas diqqət ərazi bütövlüyü, sabitlik və suveren qərarvermə hüququ üzərində olmalıdır.”
Ermənistanın baş naziri həmçinin qeyd edib ki, Cənubi Qafqazda sülh dövrü tarixi dərslərin dərk edilməsi üçün yeni fürsət yaradır:
“İndi sülh şəraitində keçmişi yenidən dəyərləndirməliyik. Bir əsrdən çoxdur, bu region müxtəlif sınaqlardan keçir. 1918-ci ildə Ermənistan, Gürcüstan və Azərbaycan azad oldular, amma tezliklə müstəqilliklərini itirdilər. 1991-ci ildə yenidən azad olduq, lakin o dövrün dərslərindən kifayət qədər nəticə çıxarmadıq. İndi əsas məsələ budur – niyə itirdik və necə etməliyik ki, bir daha itirməyək.”
Paşinyan əlavə edib ki, ölkələr arasındakı düşmənçilik yalnız itkilərə səbəb olur:
“Tarix göstərdi ki, rəqabət və düşmənçilik yalnız zərər gətirir. Müstəqilliyin və dövlətçiliyin itirilməsi ən böyük itkidir. İndi isə sülh bizə bu səhvləri təkrar etməmək imkanı verir. Biz daha geniş baxış bucağına sahibik və regionun gələcəyi üçün birlikdə çalışmaq şansımız var.”
Ermənistan hökumət başçısının fikrincə, Cənubi Qafqaz ölkələri – Gürcüstan, Azərbaycan və Ermənistan – qarşılıqlı maraqlar əsasında fəaliyyət göstərməlidir:
“Əlaqəlilik, nəqliyyat, ticarət – bunlar bizim birgə gələcəyimizin əsas sütunlarıdır. Biz bu rəqabəti müsbət istiqamətə yönəldib əməkdaşlıq mühitinə çevirməliyik. Malların daşınması, boru xətləri və regional marşrutlar hər üç ölkəyə gəlir gətirəcək. Bu, ümumi fiskal artım, iqtisadi inkişaf və dayanıqlı gələcək deməkdir. Biz artıq bu imkandan imtina etməyəcəyik,” – deyə Paşinyan çıxışını yekunlaşdırıb.


