İrakli Kobaxidze: “Cəmiyyətin kiçik qrupu əksəriyyətə zor tətbiq edə bilməz, inzibati həbslər effektiv tədbirdir”
Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, hökumət etiraz aksiyalarında qayda pozanlara qarşı “humanist, lakin sistemli” şəkildə hərəkət edir və inzibati həbslər cəmiyyətin təhlükəsizliyini qorumaq üçün ən effektiv tədbirdir.
Kobaxidzenin sözlərinə görə, təxminən 200 nəfərlik kiçik qrup hər gün orta hesabla 25 nəfərin inzibati qaydada həbs olunmasına səbəb olur. Baş nazir qeyd edib ki, cəmiyyətin böyük əksəriyyəti hökumətdən dərhal tədbir görülməsini tələb edir:
“Cəmiyyətin çoxu bizdən dərhal müdaxilə istəyirdi. Qanun işləməlidir və biz humanist, metodik yanaşmanı seçdik. Bu insanların böyük hissəsi xarici agentlərdir, aldıqları pulla ölkənin milli maraqlarına zərər vururlar. Amma bu 300 nəfərin içində bəlkə də aldadılmış şəxslər də var və biz onlara qarşı da humanist yanaşma sərgiləyirik. Lakin nəticə eyni olacaq — kiçik azlıq böyük əksəriyyətə zor tətbiq edə bilməyəcək,” – deyə Kobaxidze vurğulayıb.
Baş nazir qeyd edib ki, cəza tədbirlərinin gücləndirilməsi zəruri idi, çünki təkcə cərimələr artıq effekt vermirdi:
“Qanuna və beynəlxalq standartlara görə, küçə yalnız iştirakçıların sayı kifayət qədər olduqda bağlana bilər. 50 nəfər 3 milyon 700 minlik əhalinin iradəsini poza bilməz. Cərimələr təsir etmirdi, buna görə effektiv tədbir kimi inzibati və cinayət məsuliyyəti tətbiq olundu.”
Kobaxidze əlavə edib ki, “kollektiv Lomjaria” adlandırdığı bu qrupların fəaliyyəti perspektivsizdir:
“Bu 200 nəfərlik qrup hər gün 25 nəfəri inzibati həbsə ‘qurban verir’. Onların arasında bəziləri yarı-məğdur kimi görünür, amma əslində onlar da zorakıdırlar. Nə bu kollektivlər, nə də onları dəstəkləyənlər perspektiv əldə edə biləcəklər.”
Baş nazirin sözlərinə görə, hökumətin əsas məqsədi cəmiyyətin sabitliyini qorumaq və azlıq tərəfindən əksəriyyətin hüquqlarının pozulmasına yol verməməkdir.


