Kobaxidze: “Berlində ən çox qoyulan ad ‘Muhamməd’dir — bu, Avropanın qarşılaşdığı problemdir”
Gürcüstanın baş naziri İrakli Kobaxidze Birinci Kanalın efirində çıxışı zamanı Avropa ölkələrində miqrasiya və LQBT mövzuları ilə bağlı vəziyyəti tənqid edib.
Baş nazir bildirib ki, miqrasiya prosesi Avropa İttifaqında ciddi sosial dəyişikliklərə və problemlərə səbəb olub. Onun sözlərinə görə, artıq bu prosesin nəticələri Avropanın böyük şəhərlərində açıq şəkildə görünür:
“Görürsünüz də, miqrasiya prosesləri Avropa və Avropa İttifaqına hansı problemləri gətirib. Məsələn, ötən ilin göstəricilərinə əsasən, Berlində ‘Muhamməd’ adı ən çox qoyulan adlardan biri olub. Bu, Avropanın əsas paytaxtlarından birində baş verir. Bütün İngiltərə miqyasında da ən çox qoyulan ad ‘Muhamməd’dir. Bu, Avropanın başına gələn problemlərin göstəricisidir,” – deyə Kobaxidze qeyd edib.
O, həmçinin Avropa İttifaqının LQBT məsələləri ilə bağlı təşəbbüslərinə də münasibət bildirib:
“LQBT mövzusu ilə bağlı siz yəqin eşitmisiniz ki, Avropa İttifaqının hansı təşəbbüsləri var. Hətta azyaşlı uşağın cinsi dəyişdirməsini qanuniləşdirmək təşəbbüsləri də mövcuddur. Orada uşaq öz cinsini dəyişə bilər, və bu qanuna tabe olmayan ölkələri maliyyə sanksiyası ilə hədələyirlər. Avropada bədbəxtliklər baş verir,” – deyə baş nazir vurğulayıb.
İrakli Kobaxidze çıxışında Avropa dəyərlərinin dəyişdiyini və bu proseslərin Gürcüstan üçün xəbərdarlıq kimi qəbul edilməli olduğunu da qeyd edib.


