Gürcüstanda etiraz aksiyalarına dair qanunlar sərtləşdirilir – pozuntulara görə cəza müddəti artırılır
Gürcüstan Parlamentinin çoxluq lideri İrakli Kirkxaliya bildirib ki, Administrativ Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə bir sıra dəyişikliklər ediləcək. Yeni qaydalar etiraz aksiyalarında və nümayişlərdə qayda pozuntularına görə daha sərt məsuliyyət nəzərdə tutur.
Təklif edilən dəyişikliklərə əsasən, aksiya və ya nümayiş iştirakçısının üzünü maska ilə örtməsi, gözyaşardıcı və ya zəhərli maddə daşıması, yolu bağlaması və ya müvəqqəti konstruksiya qurması artıq birinci haldan etibarən cəzalandırılacaq və 15 günədək inzibati həbs tətbiq ediləcək. Əgər bu hərəkəti aksiya təşkilatçısı törədərsə, cəza 20 günədək olacaq.
Kirkxaliya qeyd edib ki, Daxili İşlər Nazirliyinin tələbi ilə dayandırılmalı olan hər hansı aksiyada iştirak edən şəxs birinci dəfə belə 60 günədək inzibati həbsə məruz qalacaq. Həmçinin, silah, pirotexnika və ya insanlara zərər yetirmək üçün nəzərdə tutulan digər əşyalar daşıyan şəxslərə də 60 günədək inzibati həbs tətbiq ediləcək.
Bu kimi qadağan olunmuş hərəkətlərin təkrar törədilməsi artıq bir ilədək azadlıqdan məhrumetmə, üçüncü və sonrakı hallarda isə iki ilədək həbs cəzasını nəzərdə tutur.
Bundan əlavə, Cinayət Məcəlləsinə yeni maddə əlavə olunacaq. Bu maddə polis əməkdaşını üçüncü dəfə təhqir edən və ya onun qanuni göstərişinə tabe olmayan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutur.
“Belə şəxslərə bir ilədək azadlıqdan məhrumetmə, təkrar hal (residiv) zamanı isə iki ilədək həbs cəzası veriləcək. Bu halda alternativ cəza tədbiri nəzərdə tutulmayacaq,” – deyə İrakli Kirkxaliya bildirib.


