13 
Okt
2025
19:33
331

Mixeil Saakaşvili: “Rejimin tam ‘delegitimasiyası’ qələbənin yeganə yoludur”

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə bildirib ki, rejimin tam “delegitimasiyası” (yəni siyasi və ictimai qanuniliyinin tam şəkildə itirilməsi) ölkədə dəyişiklik və qələbəyə aparan yeganə yoldur. Onun sözlərinə görə, bu məqsədə çatmağın iki əsas yolu var: etirazların gücləndirilməsi və rejimin beynəlxalq səviyyədə ifşa olunması.

Saakaşvilinin fikrincə, hazırkı rejim daxilində müəyyən “daxili silkələnmələr” mövcuddur, lakin bu prosesin “diktaturada ən azı daxili dağılmaya çevrilməsi” üçün 400–500 min nəfərin küçələrdə toplanması vacibdir.

“Rejimin tam ‘delegitimasiyası’ qələbənin yeganə yoludur. 4 oktyabr hadisələrində əsas səhv rejimin tez bir zamanda çökməsi ilə bağlı həddindən artıq optimist gözləntilər idi. Bu düşüncə həm cəmiyyətin, həm də müxalifətin özünü aldatdı. Rejim daxilində dalğalanmalar var, lakin bunların real nəticə verməsi üçün kütləvi xalq dəstəyi lazımdır.

Hazırda rejimin həm daxili, həm də beynəlxalq səviyyədə ‘delegitimasiyası’ təxminən 80 faiz baş verib. Buna görə də yerli seçkilərdə iştirak etmək böyük siyasi səhv idi, çünki bu, rejimə əlavə legitimlik qazandırdı.

Rejimin tam, yəni 100 faiz ‘delegitimasiyasına’ nail olmağın iki yolu var: etirazların daha da intensivləşdirilməsi və beynəlxalq arenada rejimin ifşa olunması. Bunu rejimlə heç bir formada əməkdaşlıq etməyən, demokratik dəyərlərə sadiq olan hər kəs etməlidir. Bizdə bunun üçün həm insan, həm də intellektual potensial mövcuddur,” – deyə Mixeil Saakaşvili vurğulayıb.

Bizimlə əlaqə saxlayın