ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen 13–15 oktyabr tarixlərində Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı ATƏT yayıb.
Təşkilatın açıqlamasına görə, səfər çərçivəsində Elina Valtonen hökumətin yüksək vəzifəli rəsmiləri, həmçinin vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcək.
ATƏT-in məlumatında qeyd olunur ki, Gürcüstanda keçiriləcək görüşlər ölkənin daxili və xarici çağırışlarına həsr olunacaq. Xüsusi diqqət 2008-ci il müharibəsinin nəticələrinin aradan qaldırılması istiqamətində ATƏT-in dəstəyi ilə aparılan Cenevrə beynəlxalq danışıqlarının davamına yönəldiləcək.
Təşkilat əlavə edib ki, Finlandiya, ATƏT-in fəaliyyətdə olan sədri kimi, vətəndaş cəmiyyətinin müdafiəsinə və onun fəaliyyət göstərməsi üçün əlverişli mühitin yaradılmasına xüsusi önəm verir və bu prioritet Valtonenin səfəri zamanı da vurğulanacaq.


