11 
Okt
2025
11:03
179

Şalva Papuaşvili: “Zəifləri və yaşlıları ön cəbhəyə qoyub qurban verənləri həm hüquqi, həm də mənəvi məsuliyyət gözləyir”

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, məğlubiyyət anında ön sıraya zəifləri, yaşlıları və müdafiəsiz insanları qoyub onları qurban verən, indi isə məsuliyyətdən qaçaraq saxlanılan şəxslər üzərindən spekulyasiya edənləri həm hüquqi, həm də mənəvi məsuliyyət gözləyir.

Papuaşvili qeyd edib ki, hamı ölkəni xaosa sürüklədiyini bilirdi, lakin buna baxmayaraq 4 oktyabr aksiyasına qatıldı.

“Hamı hər şeyi bilirdi. Bilirdilər ki, dördüncü gün saat dörddə ‘Nəpal’ adlı xaosu yaratmaq üçün toplaşırlar. Bilirdilər ki, əgər məqsədlərinə çatsaydılar və hökuməti devirməyə nail olsaydılar, ‘qara siyahılarını’ çıxarıb kimlərin asılacağını, kimlərin evinə hücum ediləcəyini bir-bir qeyd edəcəkdilər.

Onlar həm hədəflərini, həm də onlara dəstək verənləri divara dirəyəcəkdilər. Bəziləri hərəkət edəcəkdi, digərləri alqışlayacaqdı, üçüncülər isə telefonu ilə çəkəcəkdi. Çünki nifrəti öz qanuni haqları hesab edirlər.

Bunu həmin gün saat dörddə toplaşan hər bir insan – siyasətçi də, QHT nümayəndəsi də, gənc də, yaşlı da, həkim də, mühəndis də bilirdi. Hamı bilirdi ki, ölkəni xaosa sürükləyirlər. Bilirdilər, amma yenə də getdilər.

Nəpal baş tutmadı. Qan tökülmədi. Ölkə xaosdan və 90-cı illərə qayıdışdan xilas oldu. Ölkənin gələcəyini məhv etmək istəyənlər məğlub oldular.

Hər kəsin seçimi vardı – qoşulmaq və ya qoşulmamaq, saat dörddə orada olmaq və ya olmamaq, polisə daş atmaq və ya atmamaq, Prezident sarayına girmək və ya girməmək. Hər kəs öz seçimini etdi.

Hər seçimin öz nəticəsi var. Seçim etməyə cəsarəti çatana, nəticəsinə qatlanmağa da cəsarəti çatmalıdır.

Məğlub olduqları anda ön sıraya zəifləri, yaşlıları və müdafiəsizləri qoyub onları qurban verənlər, indi isə məsuliyyətdən qaçan və saxlanılan şəxslərlə manipulyasiya edənlər həm hüquqi, həm də mənəvi məsuliyyət daşıyacaqlar,” – deyə Şalva Papuaşvili qeyd edib.

Bizimlə əlaqə saxlayın