Gürcüstan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsi 2026-cı il dövlət büdcəsi layihəsini təsdiqlədi
Gürcüstan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsi 2026-cı il dövlət büdcəsi layihəsinə dəstək verib.
Maliyyə nazirinin birinci müavini Giorgi Kakauridzenin açıqlamasına görə, gələn il dövlət büdcəsindən Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin maliyyələşdirilməsi üçün 3,5 milyard laridən çox vəsait ayrılması planlaşdırılır.
Kakauridze bildirib ki, ayrılacaq maliyyə çərçivəsində polis və hərbçilərin əməkhaqları 10 faiz artırılacaq.
O, həmçinin qeyd edib ki, müdafiə infrastrukturunun və hərbi imkanların inkişafı üçün 445 milyon lari nəzərdə tutulub.
Maliyyə Nazirliyinin məlumatına əsasən, 2026-cı il dövlət büdcəsi 5 faizlik iqtisadi artım proqnozu əsasında tərtib olunub.
Layihəyə görə, büdcə kəsiri ÜDM-in 2,5 faizini təşkil edəcək.
Büdcənin gəlirləri 30 milyard 290,8 milyon lari həcmində müəyyən edilib ki, bu da cari illə müqayisədə 2 milyard 730 milyon lari çoxdur.
Xərclər isə 30 milyard 475,9 milyon lari səviyyəsində planlaşdırılıb.
Kakauridzenin təqdim etdiyi sənədə əsasən, vəsaitlər aşağıdakı şəkildə bölünəcək:
-
Müdafiə Nazirliyi – 1,8 milyard lari;
-
Daxili İşlər Nazirliyi – 1,473 milyard lari;
-
Dövlət Təhlükəsizlik Xidməti – 265 milyon lari;
-
Xüsusi Dövlət Mühafizə Xidməti – 120,5 milyon lari.
Komitə üzvləri müzakirə zamanı Dövlət Təhlükəsizlik Xidmətinin maddi-texniki bazasının yenilənməsi məqsədilə əlavə maliyyənin ayrılmasının zəruriliyini vurğulayıblar.
Qeyd olunub ki, regional və qlobal təhlükəsizlik çağırışlarının artdığı şəraitdə xidmətin müasir texnologiyalarla təminatı və yeni infrastrukturun qurulması vacibdir.
Kakauridze əlavə edib ki, büdcə layihəsinin yekun variantı təqdim olunmadan əvvəl komitə və müvafiq dövlət qurumları ilə əlavə məsləhətləşmələr aparılacaq, beləliklə sənəddə təhlükəsizlik sahəsindəki bütün ehtiyaclar və prioritetlər öz əksini tapacaq.


