Avropa Xalq Partiyası: “Gürcü xalqı demokratiyanı və Avropanı seçir, avtoritarizm və təcrid yox”
Avropa Xalq Partiyası (EPP) Gürcüstanda 4 oktyabrda keçirilmiş seçkilərlə bağlı sərt bəyanat yayıb. Sənəddə bildirilir ki, Gürcü xalqı demokratiyanı və Avropaya inteqrasiyanı seçir, avtoritarizmi və təcridi yox.
“Gürcü xalqı azadlıq və Avropa gələcəyi uğrunda mübarizəsini davam etdirərkən, oliqarx Bidzina İvanişvilinin ‘Gürcü Arzusu’ partiyası 4 oktyabrda daha bir saxta seçki keçirdi. Bu seçkilərdə Gürcüstan tarixində ən aşağı seçici fəallığı qeydə alındı və əsas müxalifət partiyaları rejimin təzyiqləri, zorakılıq və repressiyalar fonunda prosesi boykot etdilər,” – deyə bəyanatda vurğulanır.
EPP-nin məlumatına görə, son saxlanılmalar və “Gürcü Arzusu” rəsmilərinin təhdidləri vətəndaşların etiraz hüququnu məhdudlaşdırmağa, qərbyönlü müxalifəti zəiflətməyə və cəmiyyətdə qorxu atmosferi yaratmağa yönəlib.
EPP Aİ-ni sanksiyalara çağırır
Partiyanın bəyanatında qeyd olunur ki, Avropa İttifaqı Gürcüstanda hüququn aliliyini və insan haqlarını pozan şəxslərə qarşı sanksiyalar tətbiq etməlidir.
“Biz ‘Gürcü Arzusunu’ zorakılıq və repressiyalara son qoymağa, Gürcü xalqının Avropa arzularına hörmət etməyə çağırırıq. Avropa İttifaqını və onun üzv dövlətlərini Bidzina İvanişvili və onun əlaltılarına qarşı hədəfli sanksiyalar tətbiq etməyə səsləyirik — bu şəxslər Gürcüstanda demokratiyanın, insan haqlarının və hüququn aliliyinin sarsıdılmasında birbaşa məsuliyyət daşıyırlar,” – deyə bəyanatda qeyd olunur.
EPP-nin açıqlaması Gürcüstanda keçirilən 4 oktyabr seçkilərinin nəticələrinə və ölkədəki son siyasi gərginliyə dair Avropa siyasi dairələrindən gələn ən sərt reaksiyalardan biri hesab olunur.


