Şalva Papuaşvili: “Hər kəs bilirdi ki, 4 oktyabr saat 16:00-da hara gedirdi – bu, dövlətə xəyanətin kollektiv aktı idi”
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, 4 oktyabr saat 16:00-da Azadlıq meydanına toplaşan hər kəs çox yaxşı bilirdi, nə baş verəcəyini və bu aksiyanın məqsədinin hakimiyyətin devrilməsi olduğunu.
“İndi bəzi ‘uçucu’ aktivistlər özlərini elə aparırlar ki, guya heç nə bilmirdilər. Amma hamı çox yaxşı bilirdi ki, 4 oktyabr saat 16:00-da hara gedirdi – hakimiyyəti devirmək üçün. Mən burada səhnədə olan siyasətçiləri və ya QHT rəhbərlərini deyil, sıravi vətəndaşları nəzərdə tuturam, o bir neçə min adamı ki, həmin gün Azadlıq meydanında dayanmışdı. Onlar ora hakimiyyətin devrilməsi məqsədilə getmişdilər və bu, dövlətə xəyanətin kollektiv aktı idi,” – deyə Papuaşvili “Birinci Kanal”a müsahibəsində bildirib.
Parlament sədri həmin şəxsləri “dövlətin maraqlarına qarşı hərəkət edən eyni qrup” adlandırıb və onları əvvəlki illərdəki etiraz aksiyaları ilə əlaqələndirib:
“Bu eyni bir neçə min nəfərlik qrupdur — onlar 2022-ci ilin martında parlamentin qarşısında dayanmışdılar və Gürcüstanın Ukraynaya döyüşçü göndərməsini tələb edirdilər. Elə həmin insanlar 2022-ci ilin iyununda da QHT-lər üçün hakimiyyətin verilməsini istəyirdilər. Həmin qrup ‘Molotov kokteyli’ atanlara alqışlayırdı. Onlar 2024-cü il seçkilərində məğlub oldular və nəticəni qəbul etmək əvəzinə ölkəni çevrilişə sürükləməyə çalışdılar,” – deyə o əlavə edib.
Papuaşvili bildirib ki, bu insanlar müxtəlif sahələrdə – biznesdə, QHT-lərdə və başqa yerlərdə fəaliyyət göstərirlər, lakin eyni ideoloji xəttə malikdirlər:
“Bu, bir neçə min nəfərlik eyni qrupdur. Onlar indi də Rustaveli prospektindədirlər. İçlərində Nensi Volandlar, Nana Sandərlilər, Pokemona və ya Spongeboba bənzər geyimdə gəzən böyüklər var – bunlar öz həyatından və ölkəsindən narazı, emosional travmalı insanlardır. Onlar bu daxili aqressiyanı cəmiyyətə tökürlər.”
Papuaşvili qeyd edib ki, bu cür aksiyalarda iştirak edən bir neçə yüz və ya min nəfərə qarşı 4 milyon insanın iradəsi dayanır:
“Rustavelidə bir neçə yüz nəfər, bəzən bir neçə min nəfər toplanır və buna bütün Gürcüstan baxır. Biz hamımız gördük – kimlər avtobuslara, avtomobillərə hücum etdi, kimlər insanlara qarşı zorakılıq göstərdi. Cəmiyyət bu mənzərəni görür və çox yaxşı başa düşür, kim kimdir,” – deyə parlament sədri vurğulayıb.


