Kaladze: “Müxalifət sıfırlanıb, gürcü xalqı 4 oktyabrda bir daha vətənsiz xəyanətkar agenturaya öz yerini göstərəcək”
Tbilisinin meri və “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze müxalifətin bir hissəsinin “sülh inqilabı” ilə bağlı açıqlamalarına münasibət bildirib.
InterPress.ge xəbər verir ki, onun sözlərinə görə, müxalifət həm resursu, həm də ictimai dəstəyi tamamilə itirib.
“Bu mövzu ilə bağlı danışanların hamısı batmış vəziyyətdədir. Onların nə resursu, nə də dəstəyi var, siyasətçi və partiya kimi sıfırlanıblar. Kimlərin tərəfdarı var idisə, onları da itirdilər. Axmaq bəyanatlarla diqqəti cəlb etməyə çalışırlar,” – deyə Kaladze bildirib.
Onun sözlərinə görə, gürcü xalqı 4 oktyabr seçkilərində müxalifətə bir daha cavab verəcək.
“Yeganə deyə biləcəyim odur ki, 4 oktyabrda bütün bələdiyyələrdə, istər sakrebulolar, istər merlər səviyyəsində, ‘Gürcü Arzusu – Demokratik Gürcüstan’ qalib gələcək. Gürcü xalqı bir daha bu vətənsiz xəyanətkar agenturaya öz yerini göstərəcək,” – deyə Kaladze vurğulayıb.


