
Qəhvə qadınlarda ömrü uzadır - ARAŞDIRMA
Yeni tədqiqatın nəticələrinə görə, gündə bir-üç fincan qəhvə içən 50 yaşdan yuxarı qadınlar yaşlılığa qədər ciddi xroniki xəstəliklərə tutulmadan, daha sağlam fiziki, psixoloji və kognitiv vəziyyətdə qalmağa daha meyilli olurlar.
InterPress.ge xəbər verir ki, bu barədə Kanada, Toronto Universitetinin Tibb Fakültəsi və Qidalanma Elmləri Departamentinin apardığı araşdırmada deyilir. Tədqiqatın nəticələrini CNN yayımlayıb.
Tədqiqat müşahidə xarakterlidir, bu səbəbdən səbəb-nəticə əlaqəsini tam müəyyən etmək mümkün olmayıb. Araşdırmada 47 minə yaxın orta yaşlı qadın iştirak edib. Onlara alimlər 30 il ərzində nəzarət ediblər və ölüm, eləcə də xəstəlik risklərini müşahidə ediblər. Əldə olunan nəticələrə görə, müsbət təsir xüsusilə kofeinli qəhvədə müşahidə olunub.
Araşdırmanın aparıcı müəllifi, doktor Sara Mahdavi bildirib:
“Gündə 1-3 fincan kofeinli qəhvənin istehlakı yetkin insanların sağlam qidalanma planına daxil edilə bilər. Lakin bu, ümumi və hər kəsə aid edilə bilən tövsiyə kimi qəbul edilməməlidir.”
Mütəxəssislər vurğulayırlar ki, qəhvə uzunömürlülüyə dəstək ola bilər, lakin bu, xüsusilə qadınlar üçün ümumi bir tövsiyə deyil. Çünki hormonal dəyişikliklər kofeinin orqanizmdə necə metabolizə olunmasına təsir göstərir. Bu baxımdan, qəhvənin faydası zaman, bioloji fərqlər və şəxsi sağlamlıq vəziyyətindən asılıdır.
Kolorado Universitetinin qadın ürək xəstəlikləri kafedrasının rəhbəri və tibb üzrə dosent, doktor Devid Kao bildirib:
“Doğrudur, gündə üç fincan qəhvə içən qadınlarda uzunmüddətli iş qabiliyyəti daha yüksək ola bilər. Amma biz hələ bilmirik ki, əvvəllər qəhvə içməyən qadınlar eyni nəticəyə nail olacaqlarmı, əgər birdən-birə gündə üç fincan içməyə başlasalar.”
Onun sözlərinə görə, hazırkı məlumatlar qəhvə istehlakının artırılmasının sağlamlığı qoruyacağına dair dəqiq cavab vermir.