“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ndə 1+4 proqramı üzrə hazırlaşan abituriyentlərlə görüş keçirilib
1 sentyabr tarixində Bolnisidə yerləşən "Gürcü-Alman evi"ndə mərkəzin müəllimləri və gənclərin iştirakı ilə baş tutan görüşdə bu il ali təhsil müəssisələrinə qəbul olan, eyni zamanda Məntiq və Riyaziyyat kursunu uğurla başa vuran abituriyentlərlə görüş təşkil edilib.
InterPress.ge xəbər verir ki, tədbirdə mərkəzin icraçı direktoru Rezo Həsənov cari ildə Gürcüstanın ali məktəblərinə - tələbə adını qazanan gəncləri təbrik edib,onlara gələcək tələbəlik həyatlarında uğurlar arzulayıb.
"Hər bir gəncin arzusu tələbə adını qazanmaq və tələbə olmaqdır, ancaq bu adı şərəflə daşımaq üçün siz daha çox çalışmalı, illər sonra ölkəmizə və icmamıza layiqli mütəxəssis kimi böyüməlisiniz.Əsas vicdanınızı təmiz tutun, xarakterli olun. Sahiblənəcəyiniz peşəni canla-başla mənimsəyin. Öyrənməyə, təcrübə yığmağa köklənin. Seçimlərinizin arxasında durmağı və uğursuzluqlarınızdan dərs çıxarmağı bacarıb faydalı cəmiyyət inşa edin. Özünü dərk edən cəmiyyətin hər bir fərdi dövlətinə güvənir, inkişafa atılır, yeniliyə, gələcəyə ümidlə baxır, təhsilinə bel bağlayır. Təhsilə bel bağlayan hər kəs əmin olsun ki, təhsil onu yeni günə aparır”,- ”,- R.Həsənov tələbə adını qazanmış gənclərə müraciətində deyib.
Daha sonra mərkəzin müəllim heyəti çıxış edərək gənclərin əldə etdikləri nailiyyətlərdən sevindiklərini bildirərək, onlara gələcək təhsil və tələbəlik həyatlarında müvəffəqiyyətlər arzulayıblar.
Tədbirin sonunda Məntiq və Riyaziyyat kurslarında iştirak edən bir qrup abituriyentə sertifikatlar və həvəsləndirici hədiyyələr təqdim edilib.