Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Hökumət Süni İntellekt Əməkdaşlığı üzrə Ümumdünya Təşkilatının yaradılması haqqında sazişi parlamentə təqdim edib

7
Hökumət Süni İntellekt Əməkdaşlığı üzrə Ümumdünya Təşkilatının yaradılması haqqında sazişi parlamentə təqdim edib
Dinləmək üçün basın

Gürcüstan hökuməti “Süni İntellekt Əməkdaşlığı üzrə Ümumdünya Təşkilatının yaradılması haqqında” sazişi müzakirə olunması üçün parlamentə təqdim edib.

InterPress.ge xəbər verir ki, sözügedən saziş 2026-cı il iyulun 16-da Şanxay şəhərində imzalanıb. Sənədə Çin Xalq Respublikası, Rusiya Federasiyası, Qazaxıstan Respublikası, Laos Xalq Demokratik Respublikası, Pakistan İslam Respublikası, İndoneziya Respublikası, Belarus Respublikası, Serbiya Respublikası, Kuba Respublikası, Braziliya Federativ Respublikası, Venesuela Bolivar Respublikası və digər ölkələr daxil olmaqla, ümumilikdə 29 dövlət imza atıb.

Saziş əsasında Süni İntellekt Əməkdaşlığı üzrə Ümumdünya Təşkilatı – WAICO yaradılır. Təşkilatın qərargahı Şanxay şəhərində yerləşəcək.

Gürcüstan hökumətinin izahına görə, WAICO-nun əsas məqsədlərinə insan mərkəzli yanaşmanın qorunması, süni intellektin innovasiyasının, inkişafının, tətbiqinin və istifadəsinin hamının rifahı naminə təşviq edilməsi daxildir.

Bununla yanaşı, təşkilat süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsini, bu texnologiyanın inkişafı üçün açıq, ədalətli, bərabər və ayrı-seçkiliyə yol verilməyən mühitin yaradılmasını, süni intellektin üstünlüklərindən tam istifadənin təmin edilməsini hədəfləyir.

Digər məqsədlər süni intellekt sahəsində mövcud fərqlərin azaldılması, texnologiya və xidmətlərə daha geniş çıxış imkanlarının yaradılması, bu sahənin inkişafından irəli gələn risklərin, çağırışların və təsirlərin birgə azaldılması, həmçinin təhlükəsiz, qorunan, etik və etibarlı süni intellektin təşviq edilməsidir.

WAICO-nun funksiyalarına üzv dövlətlər arasında tələb və təklifin uyğunlaşdırılması platformasının yaradılması, süni intellekt imkanlarının inkişafı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi daxildir.

Təşkilat, həmçinin süni intellektin inkişaf strategiyalarının, idarəetmə qaydalarının və texniki standartların uyğunlaşdırılması və əlaqələndirilməsini, dialoqun təşviqini, siyasi konsensusun əldə olunmasını, qarşılıqlı uyğunluğun təmin edilməsini və qabaqcıl təcrübələrin paylaşılmasını dəstəkləyəcək.

Bundan əlavə, süni intellekt elmi və texnologiyaları sahəsində əməkdaşlığın gücləndirilməsi, açıq mənbə ekosisteminin inkişafı üçün birgə səylərin təşviqi, süni intellektin qlobal idarəçiliyinin gücləndirilməsi və BMT çərçivəsində bu istiqamətdə aparılan proseslərin dəstəklənməsi də təşkilatın funksiyalarına daxildir.

WAICO digər beynəlxalq təşkilatlarla əlaqələri qoruyacaq və əməkdaşlığın müvafiq formalarını araşdıracaq.

Gürcüstan hökumətinin açıqlamasına əsasən, təşkilatın fəaliyyəti yalnız süni intellektin mülki sahəsi ilə məhdudlaşacaq.

Qeyd olunur ki, təşkilat BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əməl etməli, dövlətlərin suverenliyinə və sivilizasiyaların müxtəlifliyinə hörmətlə yanaşmalı, bərabərlik prinsipini qorumalı, çoxtərəfliliyi təşviq etməli və süni intellektin üstünlüklərindən geniş məsləhətləşmələr və birgə səylər əsasında istifadə olunmasını təmin etməlidir.

Saziş müzakirə olunması üçün parlamentin İqtisadi Siyasət və Xarici Əlaqələr komitələrinə göndərilib.

Xəbəri qiymətləndir

Son xəbərlər

Marneulidə və bir sıra kəndlərdə yeni yollar çəkiləcəkUkraynalıların 83%-i müharibənin danışıqlar yolu ilə başa çatmasını dəstəkləyirQərbi Avropa yeparxiyasının mitropoliti Avraam (Qarmelia) vəfat edibPoniçalada baş verən partlayışda xəsarət alan İlia İsəyev xəstəxanada vəfat edibAvropa Parlamentində Gürcüstanla bağlı debatlar keçiriləcəkSon xəbərlərə bax →