02 
Avq
2024
09:33
337

Tbilisidə "Era Teatrı"nın yeni ofisinin açılışı olub

Ötən gün – 30 iyulda paytaxt Tbilisidə "Era teatrının" yeni ofisinin açılış mərasimi baş tutub.

InterPress.ge xəbər verir ki, teatrın bədii rəhbəri Anar Rafiqoğlu qonaqları salamlayaraq tədbiri açıq elan edib.

Daha sonra Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev çıxış edib. Səfir çıxışında “Era Teatrı”nın fəaliyyətindən, mədəniyyət və incəsənət sahəsinin önəmindən bəhs edərək, bu istiqamətdə fəaliyyət göstərən qurumlara hər zaman dəstək olmağa hazır olduğunu bildirib. Səfirliyin birinci katibi Anar Rəsulov da teatrın fəaliyyətini dəstəklədiklərini bildirib və kollektivə uğurlar arzulayıb. Daha sonra teatrın əməkdaşlarından olan Süleyman Selman Canbol, İdris Elnuroğlu və Elnur Vəlizadə öz çıxışlarında gələcək hədəflərdən danışıblar.

Tədbirdə İctimai Televizyanın əməkdaşı Səid Babazadənin müəllifi olduğu, “Era Teatrı”nın fəaliyyətinə həsr olunmuş sənədli film də təqdim olunub.

Açılış mərasimində “Era Teatrı”nın gənc üzvləri ilə yanaşı, Oqtay Kazımov, Aygül İsayeva, Əhməd İmamqulu, Ceyhun Məhəmmədəli, İlkin Hüseynov, Samirə Bayramova, Aqil Mustafayev, Məhəmməd Şamilov kimi icmamızın öndə gələn simaları da iştirak və çıxış ediblər.

Xatırladaq ki, “Era Teatrı”nın yeni ofisinin maliyyə dəstəyi Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi tərəfindən qarşılanır.



 

Bizimlə əlaqə saxlayın