Gürcüstan hökuməti məhbusların sayını azaltmaq üçün qanun layihəsi hazırlayır
Cinayət Məcəlləsindən şəxslərin amnistiya qaydası ilə azadlığa buraxılması ilə bağlı müvafiq maddələrin və bəndlərin siyahısı tərtib edilərək hazırlanır.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze parlamentdə deputatların suallarını cavablandırarkən bildirib.
Baş nazir bəyan edib ki, hazırda işlər fəal şəkildə aparılır və Ədliyyə Nazirliyi iş prosesinə cəlb olunub.
“Yaxın bir neçə gün ərzində müvafiq qanun layihəsinə təşəbbüs göstərməyi planlaşdırırıq, bu barədə yəqin ki, iyulda növbədənkənar sessiyada danışacağıq, müəyyən məsələlər müzakirə olunacaq. İyulda bu qanun layihəsini birinci oxunuşda qəbul etmək mümkün olacaq ki, sentyabrda üç oxunuşda amnistiya qanununun qəbulu başa çatsın. İştirak etməyiniz dəyərli olardı və biz, əlbəttə ki, iştirakınızı nəzərə almaq üçün əlimizdən gələni edəcəyik. Bir daha qeyd etmək istəyirəm ki, bugünkü məlumatlar optimal deyil, bizim penitensiar müəssisələrdə 10 minə yaxın məhbus var və optimal Avropa rəqəminə yaxınlaşmaq üçün yaxın gələcəkdə məhbusların sayının ciddi şəkildə azaldılması vacibdir. Bunun üçün məhbusların sayının ən azı 1/3-ə qədər azaldılması arzuolunan olardı və hesab edirik ki, hazırlanmaqda olan amnistiya qanunu bu məqsədə çatmağa ciddi töhfə verəcək. Qanun layihəsi hazırlanacaq və biz sizin fəal iştirakınıza ümid edirik. Əminik ki, siz bu qanun layihəsinin baxılmasında iştirak edəcəksiniz”, - deyə baş nazir bildirib.


