Pavel Herçinski: “Kimin dost, kimin düşmən olduğuna Gürcüstan qərar verməlidir”
“Kimin dost, kimin düşmən olduğuna Gürcüstan qərar verməlidir”.
InterPress.ge xəbər verir ki, bunu Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinksi bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı Gürcüstanın çox uğurlu ölkə olmasını istəyir.
“Təxminən iki il əvvəl bura gələndə hava limanından gedərkən ilk dəfə köhnə Tbilisini gördüm. Orada gözəl bir abidə, bir əlində qılınc, bir əlində şərab dolu fincan tutan “Gürcü anası” heykəli var. Mənə başa saldılar ki, gürcü ənənəsinə görə, qılınc düşmənə, şərab dosta işarədir.
Gürcülər kimin dost, kimin düşmən olacağına özləri qərar verməlidirlər. Avropa İttifaqı olaraq biz Gürcüstan üçün buradayıq. Gürcüstanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü təkcə sözdə deyil, həm də əməldə həmişə dəstəkləmişik və dəstəkləyəcəyik. Bizim burada 16 ildir ki, Aİ-nin monitorinq missiyası var, o, gərginliyin azaldılması və işğal olunmuş iki regionun probleminin həll olunması üçün hər şeyi edir. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, gürcü dövlətini böyük maliyyə dəstəyi ilə dəstəkləyirdik. Məlumatları gördünüz, bizim Gürcüstan hökumətinə dəstəyimiz vətəndaş cəmiyyətinə dəstəyə nisbətdə 10 dəfə çoxdur. Biz gürcü institutlarını və gürcü demokratiyasını gücləndirmək üçün bütün vasitələrdən, təcrübədən və təlimlərdən istifadə etdik.
Kimin dost, kimin düşmən olmasına Gürcüstanın özü qərar verməlidir. Biz tam olaraq Gürcüstanın, gürcü xalqının və gürcü hökumətinin ixtiyarındayıq və istəyirik ki, Gürcüstan çox uğurlu ölkə olsun və biz səbirliyik, hazırda münasibətlərimiz çətin dönəmdən keçir. Seçkilər oktyabrda keçiriləcək. Mən ürəkdən ümid edirəm ki, bu çətin dövr başa çatacaq, sağlam düşüncə qalib gələcək və Gürcüstan və gürcülər Avropa İttifaqına üzv olmaq istəyib-istəməyəcəyinə özləri qərar verəcəklər. Bizim tərəfimizdən məsələ çox aydındır, Gürcüstan Aİ üzvlüyünə namizəd ölkədir və biz sizi gözləyirik”, - Pavel Herçinksi bildirib.
Pavel Herçinski Gürcüstan və Çinin münasibətləri ilə bağlı sualı cavablandırıb ki, Gürcüstan və gürcülər hansı dövlətlə hansı münasibət qurmaq istədiklərinə özləri qərar verməlidirlər. O, həmçinin qeyd edib ki, Aİ və Çin arasında qarşılıqlı faydalı əlaqələr mövcuddur.
“Təbii ki, amerikalı həmkarımın bəyanatını şərh etməyəcəyəm. Deyə bilərəm ki, Avropa İttifaqının Çinlə qarşılıqlı faydalı əlaqələri var. Bu əlaqələr təkcə ticarətə deyil, iqlim dəyişikliyi kimi bir çox başqa sahələrə də şamil edilir. Biz Çini dünya səhnəsində çox vacib və əvəzolunmaz tərəfdaş hesab edirik, eyni zamanda, iqtisadiyyatımızın Çindən asılı olmaması üçün Çinin təsirindən yaranan riskləri azaltmağa çalışırıq. Gürcüstan və gürcülər hansı dövlətlə hansı münasibət qurmaq istədiklərinə özləri qərar verməlidirlər”, - Pavel Herçinksi bildirib.


