BMT Gürcüstanı rus qanunu geri götürməyə çağırdı
BMT-nin Gürcüstandakı nümayəndəliyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentə yenidən təqdim edilməsindən dərin narahatlığını bildirib.
InterPress.ge xəbər verir ki, bu, təşkilatın yaydığı bəyanatda bildirilir.
Bəyanatda qeyd olunur ki, sözügedən qanun layihəsinin qəbulu vətəndaş cəmiyyəti və medianın fəaliyyətini və onların Gürcüstan demokratiyasının və bütövlükdə cəmiyyətin inkişafına mühüm töhfəsini təhlükə altına salacaq.
Təşkilat Gürcüstan parlamentini qanun layihəsini geri götürməyə və dövlətlə vətəndaş cəmiyyəti münasibətlərinə dair bütün maraqlı tərəflərlə geniş, əhatəli və mənalı məsləhətləşmələr aparmağa çağırır.
“Birləşmiş Millətlər Təşkilatının Gürcüstandakı təşkilatı 26 fevral 2023-cü il tarixli bəyanatı xatırladır və “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin Gürcüstan parlamentinə yenidən daxil edilməsi ilə bağlı dərin narahatlıq ifadə edir. Hesab edirik ki, qeyd olunan qanun layihəsinin qəbulu vətəndaş cəmiyyətinin və medianın fəaliyyətini və onların Gürcüstan demokratiyasının və bütövlükdə cəmiyyətin inkişafına mühüm töhfəsini təhlükə altına qoyacaq. Gürcüstanda vətəndaş cəmiyyəti təşkilatları cəmiyyətin ən həssas qruplarına əsaslı dəstək verir və onların hüquqlarını müdafiə edir. Vətəndaş cəmiyyətinin fəaliyyətinin damğalanması əlilləri, məcburi köçkünləri, azlıqların nümayəndələrini, qocaları, qadınları, gəncləri, uşaqları, məişət zorakılığının qurbanlarını və digər şəxsləri lazımi köməksiz qoya bilər. Otuz ildən artıqdır ki, Birləşmiş Millətlər Təşkilatı Gürcüstanın etibarlı tərəfdaşıdır, ölkənin milli prioritetlərə uyğun inkişafını dəstəkləyir və yerli tərəfdaşlarımız, o cümlədən vətəndaş cəmiyyəti və media ilə birlikdə gürcü xalqına yardım göstərir. ATƏT/DTİHB-nin Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Gürcüstanın İctimai Müdafiəçisinin müraciəti və BMT-nin dinc toplantı və birləşmə üzrə xüsusi məruzəçisi ilə məsləhətləşmələr əsasında apardığı analitik qiymətləndirməni xatırladırıq, ona görə, sözügedən qanun layihəsi Gürcüstanın beynəlxalq öhdəliklərinin ruhuna uyğun gəlmir. Gürcüstanın BMT-nin İnsan Hüquqları Şurasına hazırkı üzvlüyünü nəzərə alaraq, biz Gürcüstan parlamentini qanun layihəsini geri götürməyə və dövlət və vətəndaş cəmiyyəti arasında münasibətlərə dair bütün maraqlı tərəflərlə geniş, əhatəli və mənalı məsləhətləşmələr aparmağa çağırırıq.
Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı Gürcüstan parlamentinin məcburi gender seçki kvotalarını ləğv etmək üçün sürətləndirilmiş prosedurdan istifadə etməsindən narahatlığını ifadə edir. Gürcüstanda müvəqqəti seçki gender kvota mexanizminin tətbiqi qadınların siyasi qərarların qəbulu prosesindən sistemli şəkildə kənarlaşdırılmasını kompensasiya etmək məqsədi daşıyan BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv edilməsi Komitəsinin uzun müddətdir davam edən tövsiyəsi idi. Onun ləğvi gender bərabərliyinə nail olmaqda geriyə addımdır. Biz Gürcüstan hökumətini Gürcüstanın beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə mane olan və ölkənin demokratik inkişafına təhlükə yaradan hərəkətlərin qarşısını almaq üçün bütün səyləri göstərməyə çağırırıq”, - bəyanatda deyilir.


