Adiqendə baş verənlərlə bağlı ÜGMADİ-nin sədri Mirtağı Əsədov bəyanat verir
Samçxe- Cavaxeti bölgəsində baş vermiş arzuolunmaz hadisə ilə bağlı ÜGMADİ sədri Mirtağı Əsədov bəyanat yayıb.
InterPress.ge xəbər verir ki, o müsəlmanlara qarşı edilən təzyiqin hamı üçün üzücü olduğunu bildirib.
"Samçxe-Cavaxeti bölgəsinin Adiqeni Bələdiyyəsində yerli müsəlmanlara qarşı bəzi qüvvələrin təzyiqi xəbəri hamı üçün sarsıdıcı və üzücü oldu.
Çox Acınacaqlı haldır ki, ölkə vətəndaşlarının bəziləri hələdə başqalarının din və əqidəsinə hörmət etməyi öyrənə bilməyiblər.
Hər kəs birgə dincyanaşı yaşamaqdan, insani dəyərlərdən və tolerantlıqdan danışır, amma əməldə isə tam əksi görünür.
Gürcüstan Konstitusiyası hər vətəndaşının dini haqlarını tanıyarkən, ölkə müsəlmanları yenə də dini inanc, əqidə və ibadətlərə görə ayrıseçkiliyə məruz qalırlar, onların hüquqları tapdalanır.
Heç kəs unutmamalıdır ki, yalnız və yalnız insani keyfiyyətlərə yiyələnməklə, tolerantlıq və dözümlülük, habelə qarışılıqlı ehtiramla mütərəqqi bir ölkə qurmaq arzusunu çiçəkləndirmək müyəssər olacaq. Bunun əksi olaraq kin, ədavət və bölücülüyün, nifaq və nifrət toxumunun səpilməsinin isə hər şey və hər kəs üçün nə qədər ziyanverici olması heç bir şüuru varlıq üçün qaranlıq deyil.
İslam dini və müsəlmanlar əsirlər boyu Gürcüstanın ayrılmaz bir parçası olaraq, hər zaman ölkənin tərəqqi, təkamül və mədəniyyətinə öz töhfələrini vermiş və günümüzdə də verməyə davam edir.
Məlum məsələdir ki, müxtəlif dinlər, əqidələr, məzhəblər və mədəniyyətlərin bir ölkədə varlığı, həmin ölkənin zənginliyi sayılır. Elə isə Ölkəmizdə islama və müsəlmanlara qarşı olan nifrət dili yığışdırılmalıdır.
Bu ölkənin hər şeydən daha çox sülhə ehtiyacı olduğunu hamı yaxşı anlamalı və bilməlidir.
Ölkədə milli və ya dini zəmində qarşıdurma yaratmaq, azlıqlara qarşı diskriminasiya törətmək, ölkəmiz barəsində mənfi fikir də formalaşdırır. Buna isə heç kəs imkan verməməlidir.
Bu məsələdə əsas və böyük məsuliyyət isə hakimiyyətin üzərinə düşür.
Biz də öz növbəmizdə tərəfləri təmkinliyə, qarşılıqlı ehtirama və sülhə dəvət edirik.
Allah Gürcüstanımızı qorusun!"- bəyanatda bildirilib.


