Prokurorluq transmilli cinayət açıb
Tbilisi Şəhər Məhkəməsi bir fiziki və üç hüquqi şəxsi xüsusilə külli miqdarda qanunsuz gəlirin leqallaşdırılması faktında təqsirli bilib.
InterPress.ge xəbər verir ki, məhkəmə zamanı sübut edilib ki, ABŞ-da qeydiyyatdan keçmiş müəssisənin sahibi və onun cinayət ortaqları yüksək nüfuzlu hüquqi şəxs adından Honq-Konqda fəaliyyət göstərən müəssisənin direktorları ilə əlaqə saxlayıblar və tanınmış şirkətlərin səhmlərini almaq şərti ilə 13 milyon ABŞ dolları saxta yolla xarici bank hesablarına köçürülüb.
Cinayətkar dəstənin üzvləri qanunsuz əldə etdikləri vəsaitləri bölərək dünyanın müxtəlif ölkələrinə köçürüblər. Onların arasında Gürcüstanda məhkuma məxsus 3 müəssisənin bank hesablarına və onunla əlaqəsi olan şəxslərin hesabına təxminən 2 milyon ABŞ dolları köçürülüb.
Bu əməllə cinayətkar qruplaşma üzvləri təqribən 2 milyon ABŞ dolları məbləğində vəsaiti qanunsuz yolla ələ keçiriblər.
Tbilisi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam olaraq qəbul edib və qanunsuz gəlirlərinin leqallaşdırılmasında təqsirləndirilən şəxsi 10 il müddətinə azadlıqdan məhrum edib, hüquqi şəxslər isə ömürlük sahibkarlıq fəaliyyəti hüququndan məhrum edilib və hər biri 100 min lari məbləğində cərimə edilib.
Hökmə əsasən, onların bank hesablarında qadağa qoyulmuş 2 000 000 lariyə qədər məbləğdə pul, habelə cinayət yolu ilə əldə edilmiş və Tbilisidə dəyəri 1 milyon laridən çox olan ev dövlət mənafeyinə müsadirə edilib.


