Tbilisidə Azərbaycan və Gürcüstan dostluğuna həsr olunmuş tədbir keçirilib
Tbilisidə Alyans Gənclər Mərkəzində Gürcüstan və Azərbaycan dostluğuna həsr olunmuş tədbir keçirilib.
InterPress.ge xəbər verir ki, tədbirdə ictimai xadimlər, jurnalistlər və tələbələr iştirak edib.
Hüquqi Yardım Mərkəzinin direktoru Əli Bədirov tədbir haqda geniş məlumat verərək tədbiri açıq elan edib.
Daha sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Sabit Məmmədov çıxışı zamanı Azərbaycan-Gürcüstan münasibətlərindən danışıb. O, eyni zamanda Dövlət Komitəsinin soydaşlarımız üçün Gürcüstanda hansı işlərin görüldüyü haqda məlumat verib.
S. Məmmədov qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzindədir.
Tədbir zamanı eyni zamanda professor Mahmud Kamaloğlu, Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov, “Alyans” Gənclər Mərkəzinin sədri Leyla Əmrahova da çıxış edib.
Tədbir çərçivəsində çıxış edənlər uzun illər Gürcüstan və Azərbaycan arasında davam edən dostluq, siyasi və strateji əlaqələrindən danışıblar. Eyni zamanda çıxış edənlər Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadzenin dostluğundan və Ulu Öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı İlham Əliyevin uğurlu siyasətindən bəhs ediblər.
Tədbirin sonunda Gürcüstanda təhsil alan Azərbaycan Respublikasının vətəndaşları çıxış ediblər.
Onlar İlham Əliyevin uğurlu siyasətindən və uzun illərdir işğal altında olan Qarabağ torpaqlarının İlham Əliyevin rəhbərliyi ilə geri qaytarıldığını qeyd ediblər.
Tələbələr eyni zamanda qarşıdan gələn növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində fəal iştirak edəcəklərindən və Ali Baş Komandan İlham Əliyevə dəstəklərindən danışıblar.
Tədbirdə Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBI) İdarə Heyətinin sədri Nəriman Qurbanov, iş adamları, “Alyans” Gənclər Mərkəzinin icraçı derektoru Rəna Hüseynova, “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov, “Vətəndaş-Cəmiyyətin Təhsili və İnkişafı üçün Vətandaş Birliyi”nin rəhbəri Kamran Xıdırov, “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzin” direktoru Rezo Həsənov, “Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin” rəhbəri Çiçək Hüseynova və media nümayəndələri iştirak ediblər.
Tədbir sonrası Sabit Məmmədov “Alyans” Gənclər mərkəzində Gürcüstanda təhsil alan Azərbaycan vətəndaşı olan tələbələrlə görüş keçirib.
.jpeg)
.jpeg)
.jpeg)


