Külli miqdarda çirkli pulların yuyulması ilə ittiham olunan şəxslər 11 il müddətinə azadlıqdan məhrum edilib
Tbilisi Şəhər Məhkəməsi iki fiziki və bir hüquqi şəxsi xüsusilə külli miqdarda qanunsuz gəlirin leqallaşdırılması faktında təqsirli bilib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu aşağıdakı məlumatları dərc edib:
“Məhkəmə zamanı araşdırmalar sübut edib ki, Avstriya vətəndaşı tibbi maskalar almaq istəyən Çexiya şirkətinin nümayəndələrini və Almaniyada yaşayan şəxsləri aldadaraq, malların alınması üçün nəzərdə tutulmuş 1 milyon 300 min avronu ona məxsus şirkətin bank hesabına köçürüb.
Təqsirləndirilən şəxslər cinayət yolu ilə əldə etdikləri pul vəsaitlərini leqallaşdırmaq məqsədilə şirkətin hesabında toplanmış qanunsuz gəlirləri qondarma məqsədlərlə və saxta sənədlərdən istifadə etməklə onunla cinayət əlaqəsində olan Gürcüstan vətəndaşına məxsus müəssisənin Gürcüstandakı bank hesabına köçürüblər. Daha sonra müəssisənin hesabından Gürcüstan vətəndaşının mənfəəti çıxılmaqla nağd pul təqsirləndirilən şəxsə və sonuncu ilə əlaqəli şəxslərə köçürülüb.
Bununla da cinayətkar qrupun üzvləri 496 min 430 avro məbləğində qanunsuz gəlirləri leqallaşdırıblar.
Tbilisi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam qəbul edərək qanunsuz gəlirlərin leqallaşdırılmasında təqsirləndirilən şəxsləri 11 il müddətinə azadlıqdan məhrum edib, təqsirləndirilən hüquqi şəxs isə 100 min lari məbləğində cərimələnib.
Məhkəmənin hökmü ilə məhkum edilmiş Avstriya vətəndaşı ona aidiyyəti olan şəxslərin adına qondarma imzalanmış 1 milyon 267 min 800 lari dəyərində iki yaşayış mənzili və iki avtodayanacaqdan məhrum edilib"- prokurorluğum məlumatında qeyd edilib.


