Təhsil naziri: "Gürcüstan Çinlə münasibətlərin ən yüksək mərhələsinə qədəm qoyur"
"Gürcüstan Çinlə münasibətlərin ən yüksək mərhələsinə qədəm qoyur. Məhz strateji tərəfdaşlıq çərçivəsində təhsil və elm istiqamətində əməkdaşlıq genişlənir".
InterPress.ge xəbər verir ki, bu barədə təhsil və elm naziri Giorgi Amilaxvari Çində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Gürcüstan və Çin universitetlərinin yaxınlaşması, tələbə və professorların mübadiləsi proqramlarının maliyyələşdirilməsi Gürcüstanın təhsil və elminə daha da geniş imkanlar yaradacaq.
“Gürcüstan Çinlə münasibətlərin ən yüksək mərhələsinə keçir, bu, strateji tərəfdaşlıqdır və strateji tərəfdaşlıq çərçivəsində təbii ki, təhsil və elm sahəsində də əməkdaşlıq genişlənir. Bu gün baş nazir Pekinin mərkəzi universitetlərindən biri olan Dil və Mədəniyyət Universitetində Şota Rustavelinin büstünün açılışını edib. Bu, gürcü və çin xalqları arasında mövcud olan dostluğun və əməkdaşlığın daha bir göstəricisidir. Biz həm ali təhsil, həm də elmi-tədqiqat müəssisələri arasında, elmi layihələrdə əməkdaşlıq baxımından qarşılıqlı əməkdaşlığın əsasını qoyacaq memorandum imzalayırıq. Bizim və Çin universitetlərinin yaxınlaşması, tələbə və professor mübadiləsi proqramlarının maliyyələşdirilməsi çox vacibdir, çünki bu, Gürcüstanın təhsil və elminə daha da geniş imkanlar yaradacaq”, - Giorgi Amilaxvari bildirib.


