Dələduzluq yolu ilə külli miqdarda vəsait mənimsəyən 4 nəfərə qarşı cinayət işi açıldı
Mütəşəkkil dəstə tərəfindən vətəndaşlara məxsus külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəməkdə təqsirli bilinən 4 nəfərə qarşı cinayət işi açılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Prokurorluq məlumat yayıb.
Məlumatına görə, təqsirləndirilən şəxslər 5 vətəndaşa məxsus 221 725 larini mənimsəyiblər.
Tbilisi Şəhər Məhkəməsi üç təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib, bir nəfəri isə zaminə buraxılıb.
“Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, mütəşəkkil dəstənin üzvləri bina və tikililərin yerləşdiyi iddia edilən yaşayış üçün yararsız torpaq sahələrini saxta kadastr cizgiləri əsasında dövlət reyestrində qeydə alıblar.
Təqsirləndirilən şəxslər sözügedən hərəkətlə torpaq sahələrinin dəyərini süni şəkildə artıraraq maraqlanan şəxslərə əmlakın real qiyməti barədə yanlış təsəvvür yaratmışlar.
Daha sonra cinayətkar qrupun üzvləri zərərçəkmişlərə faktiki olaraq yaşayış evlərinin yerləşdiyi digər torpaq sahələrini göstərib, onlarla müqavilə bağlayıb və dələduzluq yolu ilə zərərçəkmişlərə məxsus pul vəsaitlərini ələ keçiriblər”, - deyə prokurorluğun məlumatında qeyd olunub.
Təqsirləndirilən şəxslərə qarşı, 7 ildən 10 ilədək həbs cəzasını nəzərdə tutan, Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “B” və 4-cü hissəsinin “A” yarımbəndləri ilə ittiham irəli sürülüb.


