Avropa parlamentarilərinin bir hissəsi hakimiyyəti “Xarici agentlər” qanununun qəbulundan imtina etməyə çağırıb
Avropa Parlamentinin üzvü, çexiyalı deputat Marketa Qreqorova Tbilisidə parlament binası yaxınlığında baş verən hadisələrlə bağlı bəyanat yayıb.
InterPress.ge xəbər verir ki, o, bu barədə “Twitter” sosial şəbəkəsində yazıb.
“Mənim partiyamın populyarlığına görə “Gürcü Arzusu”nun nümayəndələrindən çoxlu şifahi hücumlar aldım. İrakli Ğaribaşvili, sizə deyim ki, biz heç vaxt vətəndaşlarımıza qarşı su şırnaqlarından istifadə etməmişik. Bu çılğınlığı dayandırın, “Xarici agentlər” qanununu dayandırın. Mən bu cəsur insanları alqışlayıram”, - Avropa Parlamentinin deputatı Marketa Qreqorova yazıb və parlamentin yaxınlığında toplaşan nümayişçilərə qarşı su şırnaqlarından necə istifadə etdiklərini əks etdirən video paylaşıb.
Avropa Parlamentinin deputatı Rasa Yukneviciene hesab edir ki, “xarici agentlər” haqqında qanun Gürcüstanın Avro-Atlantik yolunun davamını təhdid edir.
“Gürcüstan Avropaya məxsusdur. “Xarici agentlər” qanunu Gürcüstanın Avro-Atlantik yolunun davamını təhdid edir.
Gürcüstanın bütün məsuliyyətli siyasətçilərindən, xüsusən də hakim partiyadan xahişim - xalqınızı dinləyin. Ölkənizin gələcəyini pozmayın”, – Avropa Parlamentinin deputatı “Twitter” sosial şəbəkəsində yazıb.


