26 
Fev
2023
12:59
218

Xocalı soyqırımından 31 il ötür

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür.

InterPress.ge-nin məlumatına görə, Xocalı soyqırımından 31 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Qeyd edək ki, hazırda Xocalıdan olan məcburi köçkünlər Azərbaycanın 50 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.

2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb. 44 gün davam edən döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, 2020-ci ilin noyabrın 20-də Ağdam rayonu, 2020-ci ilin noyabrın 25-də Kəlbəcər rayonu, 2020-ci ilin dekabrın 1-də isə Laçın rayonu sülh yolu ilə Azərbaycana qaytarılıb. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin olunub və Qarabağ münaqişəsi arxada qalıb.

Bizimlə əlaqə saxlayın