Yeni Zelandiyanın baş naziri istefa verib
Yeni Zelandiyanın baş naziri Casinda Ardern istefa verdiyini açıqlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, baş nazir gələn ay vəzifəsini tərk edəcək. Ardern həmçinin “Əmək Partiyası”nın sədri vəzifəsindən də istefa verəcək və partiya fevralın 7-dən gec olmayaraq yeni lideri seçəcək.
Qeyd edək ki, Yeni Zelandiyada seçkilər oktyabrın 14-də keçiriləcək.
42 yaşlı Ardern istefasına səbəb kimi yorğunluğu göstərib.
"Mənim ölkəyə rəhbərlik etmək üçün kifayət qədər gücüm qalmayıb. Yayda davam etmək üçün lazım olan gücü tapacağıma ümid edirdim, lakin bu baş vermədi və davam etsəm, Yeni Zelandiyaya pis xidmət etmiş olaram"- Ardern bildirib.
Xatırladaq ki, 2017-ci ildə Ardern baş nazir seçiləndə o, dünyanın ən gənc qadın hökumət başçısı olub. Bir il sonra isə o, vəzifədə olarkən uşaq dünyaya gətirən ikinci seçilmiş dünya lideri olub.


