Yeni il qala-konserti dekabrın 31-də Avropa meydanında keçiriləcək
Yeni il kəndi dekabrın 23-də açılacaq və Orbeliani meydanı, 9 aprel bağı və Atoneli küçəsini əhatə edəcək. Yeni il qala-konsertinə gəlincə, o, dekabrın 31-də Avropa meydanında keçiriləcək.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi hökumətinin iclasında paytaxtın meri Kaxa Kaladze danışıb.
“Orbeliani meydanı, 9 aprel bağı və Atoneli küçəsi müxtəlif yeni il bəzəkləri və instalyasiyaları ilə bəzədiləcək. Ən əsası isə balacalarınızı dekabrın 23-də Tbilisidə Şaxta baba qarşılayacaq.
Valideynlərə müraciət etmək istəyirəm ki, övladlarınızı, nəvələrinizi Şaxta baba evinin yerləşəcəyi 9 aprel bağına gətirin. O, uşaqların ən əziz arzularını məmnuniyyətlə dinləyəcək və bu, şübhəsiz ki, gerçəkləşəcək”, - Tbilisi meri bildirib.
Onun sözlərinə görə, dekabrın 23-dən yanvarın 13-dək Yeni il kəndində hər gün uşaqlar üçün əyləncəli tamaşalar, konsertlər, nağıl qəhrəmanlarının bayram yürüşləri və digər tədbirlər keçiriləcək.
“Və dekabrın 31-də sizi Avropa meydanında qala-konsertdə gözləyirik. Gəlin 2023-cü ilə birlikdə girək, daha xoşbəxt və daha yaxşı gələcəyə ümid edək. Gəlin hamımız bütün dünyada sülh, hər bir ailədə firavanlıq, əzizlərimizin sağlamlığı, savadlı və uğurlu gələcək nəslin, ölkənin tərəqqi və inkişafını arzulayaq”, - deyə Kaxa Kaladze vurğulayıb.


