Gürcüstan BMT-nin İnsan Hüquqları Şurasının üzvü oldu
Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Gürcüstan 178 səslə ikinci dəfə 2023-2025-ci illər müddətinə BMT İnsan Hüquqları Şurasına üzv seçilib.
InterPress.ge xəbər verir ki, xarici işlər naziri İlia Darçiaşvili bu barədə sosial şəbəkədə yazıb.
Gürcüstan Xarici İşlər Nazirliyinin qiymətləndirməsinə görə, Gürcüstan üçün İnsan Hüquqları Şurasına üzv seçilmək mühüm uğurdur və ölkənin beynəlxalq ictimaiyyətlə birgə insan hüquqlarının müdafiəsi ilə bağlı qlobal gündəmdə olan məsələlər üzrə qərar qəbulunda daha fəal iştirakına əlavə imkanlar yaradır.
“Gürcüstan xalqını ölkəmizin 2023-2025-ci illər üçün BMT-nin İnsan Hüquqları Şurasına seçilməsi münasibətilə təbrik edirəm. Bu, ölkəmizin mühüm uğurudur və bizə Gürcüstanın insan hüquqlarının fundamental dəyərlərinə sadiqliyini gücləndirmək və qlobal miqyasda onların müdafiəsinin təmin edilməsi prosesində fəal iştirak etmək imkanı verir. Dəstəklərinə görə üzv dövlətlərə, eləcə də Gürcüstanın dünyada insan hüquqlarının müdafiəsinin keyfiyyətinin yaxşılaşdırılması üçün sıx əlaqələndirmə və əməkdaşlıqda olacağı Şuranın yeni seçilmiş üzvlərinə təşəkkür edirəm”, - xarici işlər naziri İlia Darçiaşvili sosial şəbəkədə yazıb.
Gürcüstan Xarici İşlər Nazirliyi Şuranın yeni seçilmiş bütün üzvlərini təbrik edir və Gürcüstanın namizədliyini dəstəklədiklərinə görə BMT-yə üzv dövlətlərə təşəkkür edir.
İnsan Hüquqları Şurasının üzvləri coğrafi əsasda regional qruplardan seçilir. BMT-nin İnsan Hüquqları Şurası 3 il müddətinə seçilir, 47 üzv dövlətdən ibarətdir və onun funksiyası insan hüquqlarının ümumbəşəri müdafiəsini təmin etmək, dünyada insan hüquqlarının pozulması hallarına reaksiya vermək və müvafiq tövsiyələr hazırlamaqdır. Şura Cenevrədə fəaliyyət göstərir. Gürcüstan ilk dəfə olaraq 2015-ci ildə 2016-2018-ci illər üçün BMT-nin İnsan Hüquqları Şurasına üzv seçilib.


