Respublikaçı konqresmen: "Regionda təhlükənin kəskinləşməsi fonunda Gürcüstan xüsusilə ehtiyatlı davranmalıdır"
Respublikaçı konqresmen Adam Kinzingerin bəyan etdiyinə görə, Belarus prezidenti Aleksandr Lukaşenkonun Gürcüstanın işğal olunmuş bölgələrinə “səfəri” beynəlxalq normalara ziddir.
InterPress.ge xəbər verir ki, sözügedən məlumatı “Amerikanın səsi”nin Gürcüstan redaksiyası yayıb.
Kinzinger deyib ki, Belarusun hazırkı lideri tərəfindən edilən şey təəccüblü deyil, lakin beynəlxalq ictimaiyyətin Gürcüstanın işğal olunmuş əraziləri ilə bağlı aydın mesajlar verməsi vacibdir.
"Doğrudur, təəccüblü deyil ki, Belarus despotu Moskvadan diktə etdiyi kimi hər şeyi edir, lakin beynəlxalq ictimaiyyət Çxinvali və Abxaziyanın həmişə Gürcüstanın ərazisi olduğunu və həmişə belə qalacağını açıq şəkildə bildirməlidir", - konqresmen bildirib.
Belarus prezidentinin rəsmi saytında onun sentyabrın 28-də gecə saatlarında işğal olunmuş Abxaziyaya səfəri ilə bağlı press-reliz yayılıb. Press-relizdə Lukaşenkonun “Qara dənizin şimal-şərq sahilində” olduğu bildirilib.
Adam Kinzinger hesab edir ki, Lukaşenkonun Abxaziyaya “səfəri” Kremlin Ukraynadakı uğursuzluqları ilə bağlıdır. Regionda təhlükənin kəskinləşməsi fonunda Gürcüstan xüsusilə ehtiyatlı davranmalıdır.
“İndi Putinin Ukraynada kampaniyası zəiflədiyi üçün gürcülər Kremlin istənilən potensial addımından ehtiyatlı olmalıdırlar. Gürcüstan Kremlin onun suverenliyinə yaratdığı bütün təhdidləri çox yaxşı bilir və gürcü xalqı anti-Qərb səslərinin yaydığı yalan xəbərlərə alışmamalıdır”, - Kinzinger bildirib.
Xatırladırıq ki, Aleksandr Lukaşenko sentyabrın 28-də Abxaziyaya gəlib. Bundan əvvəl o, Rusiya prezidenti Vladimir Putinlə görüş üçün Soçidə olub.


