12 
Sen
2022
15:17
510

İsrailli sabiq nazir Azərbaycanın İsrailin əsas müttəfiqi olmasının səbəblərindən yazıb

İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, tanınmış siyasətçi və politoloq, Azərbaycanla bağlı İsrail mediasında maraqlı açıqlamaları ilə yadda qalan Ayub Kara növbəti dəfə ölkə mediasının diqqətini özünə cəlb edib.

InterPress.ge-nin məlumatına görə, cari ilin noyabr ayında keçiriləcək parlament seçkilərinə “Likud” partiyasının namizədi kimi qatılacaq sabiq nazirin bu ölkənin media nəhənglərindən olan “Israelhayom”da “Azərbaycan niyə İsrailin əsas müttəfiqidir?” sərlövhəli məqaləsi dərc olunub.

Azərbaycana, o cümlədən erməni işğalından azad olunmuş ərazilərə bir neçə dəfə səfər etmiş müəllif ölkəsinin İkinci Qarabağ müharibəsində Azərbaycana göstərdiyi dəstəyin Azərbaycan xalqının hafizəsində silinməz iz buraxmasının şəxsən şahidi olduğunu qeyd edərək, iki ölkə arasında tarixən təşəkkül tapmış möhkəm dostluğun heç kimdə təəccüb doğurmamalı olduğunu vurğulayıb. Azərbaycanı anti-semitizmin mövcud olmadığı nadir ölkələrdən biri kimi səciyyələndirən Kara müstəqilliyə qovuşduğu vaxtdan İsraillə diplomatik əlaqələr qurmuş ölkəmizin burada turizm nümayəndəliyi açmasına diqqət çəkməklə yanaşı, İsraildə Azərbaycan səfirliyinin təsis ediləcəyi günü səbirsizliklə gözlədiyini də dilə gətirib.

İsrailli siyasətçi məqalədə İsrail-Azərbaycan münasibətlərinin hazırkı səviyyəyəyə gəlib çatmasına Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin də töhfə verdiyinə işarə edərək, komitənin son illərdəki fəaliyyətinə geniş toxunub. Qeyd edib ki, 2022-ci il iyulun 5-də İsrailin Diasporla İş üzrə Nazirliyinə ekvivalent dövlət qurumu olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi tamam olub: “Azərbaycanda bir neçə dəfə olmuş və bu qurumun fəaliyyəti ilə az-çox tanış olan bir şəxs kimi əminliklə deyə bilərəm ki, sədr Fuad Muradovun rəhbərlik etdiyi Komitəni son illərdəki uğurlu fəaliyyətinə görə təbrik etmək olar. Adı çəkilən şəxsin Komitəyə rəhbərlik etməyə başladığı 2018-ci ildən Azərbaycan diasporu yenidən təşkilin, özünü tanıtmağın və mövcudluğunu beynəlxalq miqyasda təsdiqin gərgin və qürurlu mərhələsini keçib ki, bu da iki ölkə arasında güclü strateji ittifaqın təşviqinə öz töhfəsini verib”. 

Yəhudi diasporu ilə Azərbaycan diasporu arasında əməkdaşlıq ən yüksək qiymətə layiq olduğunu qeyd edən israilli sabiq nazir bu xüsusda Komitə sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin 2019 və 2022-ci illərdə İsrailə rəsmi səfərlərini xüsusilə vurğulayıb.

Məqalədə həmçinin qeyd olunub ki, azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq, öz dövlətləri ilə böyük qürur duyurlar ki, bu da dünyanın 10 ölkəsində 18 Azərbaycan Evinin, 27 ölkədə 13 Koordinasiya Şurasının, İsveçrə, İsveç, Polşa və Fransada Qarabağ məktəblərinin, diaspor gəncləri düşərgələrinin, Azərbaycan diaspor gəncləri şəbəkəsinin formalaşması ilə nəticələnib. Bütün bunlar Azərbaycan diasporunun İsrailin tanınmış beyin mərkəzləri olan İqtisadi Sülh Mərkəzi və Dona Qrasiya Diplomatiya Mərkəzi ilə bir sıra müştərək tədbirlər keçirməsi ilə müşayiət olunub. Müəllif Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın işğaldan azad edilməsi ilə nəticələnən Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin xalqımız üçün birlik, həmrəylik və qürur rəmzinə çevrildiyini və bu hadisənin Azərbaycan diasporunun fəaliyyətində yeni mərhələnin başlanğıcını qoyduğunu diqqətə çatdırıb.

Eyni zamanda qeyd olunub ki, dünyanın əksər bölgələrində anti-semitizm tüğyan etdiyi halda Azərbaycanda yəhudilərə bərabərhüquqlu vətəndaşlar, sevgi, həmrəylik və qardaşlıq dolu böyük bir ailənin üzvləri kimi yanaşılıb. Azərbaycanın yəhudi icmasının nümayəndələri bu ölkənin inkişafına, o cümlədən Azərbaycan həqiqətləri, Azərbaycanda gedən inkişaf prosesləri haqqında məlumatların yayılmasına öz töhfələrini verirlər. Sonda müəllif İsrail Dövlətinin etibarlı tərəfdaşı kimi ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığının davamlı inkişafını arzuladığını bildirib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.israelhayom.com/2022/09/08/why-azerbaijan-is-a-pivotal-ally-of-israe/

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər