Xaricdəki soydaşlarımız üçün “Azərbaycan musiqisinin inciləri” adlı kitab nəşr edilib
Azərbaycan xalq və bəstəkar mahnılarından ibarət “Azərbaycan musiqisinin inciləri” adlı kitab nəşr olunub.
InterPress.ge xəbər verir ki, Azərbaycan Diasporuna Dəstək Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə ərsəyə gələn kitab Azərbaycan və ingilis dillərində tərtib edilib.
Azərbaycanın Dövlət Himni ilə başlayan kitaba 50 xalq və 32 bəstəkar mahnısı daxil edilib. Görkəmli Azərbaycan bəstəkarları və müxtəlif xalq mahnıları haqqında ətraflı məlumat öz əksini tapıb, bütün əsərlərin notları təqdim edilib.
Nəfis tərtibatlı kitaba “ön söz”ü Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəyli yazıb.
Başlıca məqsəd zəngin mədəni Azərbaycan irsinim beynəlxalq aləmdə tanıdılmasına və təbliğinə, xaricdə yaşayan, orada doğulub, boya-başa çatmış soydaşlarımızın milli vətənpərvərlik ruhunda yetişməsinə, soydaşlarımızın peşəkar səviyyədə musiqi bilikərinin artırılmasına, eləcə də Azərbaycan musiqisinə maraq göstərən əcnəbilərin milli musiqimizi öyrənməsinə töhfə verməkdir.
Qeyd edək ki, “Azərbaycan musiqisinin inciləri” kitabının xaricdə yaşayan azərbaycanlılara, diaspor təşkilatlarına, Azərbaycan Evlərinə və musiqi təhsili verən ali təhsil ocaqlarının kitabxanalarına göndərilməsi nəzərdə tutulub.


