04 
Fev
2020
14:57
1155

Azərbaycanda təhsil alan Gürcüstan vətəndaşları Tbilisidə aksiya keçirdi

Azərbaycan, Ukrayna və Ermənistanda ali təhsil alan və Gürcüstan universitetlərinə köçürülmək istəyən tələbələr Tbilisidə Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin binası qarşısında aksiya keçiriblər.

InterPress.ge xəbər verir ki, tələbələr ümumi biliklərdən sabaha təyin olunan imtahanın ləğv olunmasını tələb ediblər.

Ötən axşamdan gənclər nazirliyin binası qarşısında bir neçə çadır qurublar.

Ümumi biliklər üzrə test imtahanı sabah saat 15:00-a təyin olunub. İmtahanda yanvarın 24-dən etibarən Gürcüstanda təhsil almaq üçün qeydiyyatdan keçən tələbələr iştirak edəcəklər.

Aksiya iştirakçıları imtahana hazırlıq üçün vaxtın az olduğunu vurğulayıblar.

Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən bildirilib ki, sabahkı imtahan ləğv olunmayacaq. Çünki tələbələr imtahan barədə bir il bundan öncə məlumatlandırılıblar. İmtahanda iştirak etmək üçün 343 Gürcüstan vətəndaşı qeydiyyatdan keçib.

Xatırladaq ki, xarici ölkədə ali təhsil alan Gürcüstan vətəndaşı gələcək təhsilini vətəndə davam etdirmək istəyərsə, ümumi biliklərdən test imtahanı verməlidir. Bu qayda 2018-ci ildə qüvvəyə minib. (Report)

Bizimlə əlaqə saxlayın