Tbilisidə külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, şübhəli şəxs iki vətəndaşa valyuta biznesinə qoşulmağı və aylıq gəlir əldə etməyi təklif edib. Bu məqsədlə onlardan müxtəlif məbləğlərdə pul alıb, lakin razılaşmanın şərtlərini yerinə yetirməyərək, aldadıcı yolla ümumilikdə 187 956 lari məbləğində vəsaiti qanunsuz olaraq ələ keçirib.
“Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İstintaq Baş İdarəsinin Dələduzluğa Qarşı Mübarizə İdarəsinin və Detektivlər Baş İdarəsinin əməkdaşları külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan bir nəfəri saxlayıblar.
Kompleks şəkildə həyata keçirilən istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs iki vətəndaşa valyuta biznesinə qoşulmağı və aylıq gəlir əldə etməyi təklif edib. Bu məqsədlə onlardan müxtəlif məbləğlərdə pul alıb. Lakin təqsirləndirilən şəxs razılaşmanın şərtlərini yerinə yetirməyərək, aldadıcı yolla və qanunsuz olaraq onlara məxsus ümumilikdə 187 956 lari məbləğində vəsaiti ələ keçirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən istintaq tədbirləri nəticəsində kişini hakim qərarı əsasında saxlayıblar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə aparılır. Bu maddə 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – DİN-in yaydığı məlumatda qeyd olunub.
